"Gold Residence"in rəhbərinə hökm oxunub: qanunsuz olaraq sahibkarların obyektini sökdürüb



"Gold Residence" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) icraçı direktoru Cəmil Qasımov yarım milyon manatdan çox vəsaiti mənimsəməkdə və vətəndaşların əmlakına ziyan vurmaqda ittiham edilir.

Qaynarinfo-nun məlumatına görə, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Cəmil Qasımov barəsində Cinayət Məcəlləsinin 186.2.1-cı (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Cəmil Qasımov pilot layihəsi çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xosyki prospekti 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarında yerləşən, istismar müddəti başa vurmuş köhnə tikililərin sökülərək yerində yeni çoxmərtəbəli binaların tikintisi zamanı qanunsuzluqlara yol verib. O, "Gold Residence"in rəhbəri kimi öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək xeyli sayda vətəndaşın obyektini onların razılığı olmadan sökdürüb.

Zərərçəkənlər arasında Aynurə Nəsirova, Bəsti Nəsirova, Biləndər Hacıyev və Zəminə Ələkbərova kimi şəxslər var. Həmçinin Fuad adlı sahibkarın icazəsi olmadan içərisində satış məhsulları olan "1001 xırdavat" mağazası da sökülüb. Məlum olub ki, Cəmil Qasımov təkcə həmin sahibkara ümumilikdə 650-700 min manat dəyərində ziyan vurub.

Məhkəmənin hökmü ilə Qasımov Cəmil Nazim oğlu təqsirli bilinərək 2 il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, bu cəza 2 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

AFN.az qeyd edir ki, hazırda "Gold Residence"in qanuni təmsilçisi Anar İsazadədir. Şirkətin nizamnamə kapitalı isə 100 manatdan 50 manata endirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu