141 saylı məktəbdə 3 ildir aparılan təmir niyə yekunlaşmır? - VİDEO
Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli tam orta məktəbdə 2024-cü ilin aprel ayından etibarən dərslər dayandırılıb. Binanın əsaslı təmir ediləcəyi və yeni korpusun inşa olunacağı vədi ilə qapıları bağlansa da, başlanılan tikinti işləri yarıda qalıb.
AFN.az xəbər verir ki, artıq iki ildən çoxdur ki, sözügedən təhsil müəssisəsinin şagirdləri təhsillərini digər məktəblərdə davam etdirmək məcburiyyətindədirlər. Bu vəziyyət isə valideynlər üçün ciddi çətinliklər yaradıb.
Şikayətçilər bildirirlər ki, dərs qrafikləri düzgün bölüşdürülməyib; hətta eyni ailənin övladları müxtəlif məktəblərə və fərqli növbələrə düşdükləri üçün gediş-gəliş prosesi dözülməz hala gəlib. Xüsusilə azyaşlı uşaqların uzaq məsafədə yerləşən təhsil ocaqlarına aparılması həm vaxt, həm də maddi baxımdan ailələri çətin vəziyyətə salıb.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən rəsmi açıqlamada deyilir ki, inşaat işlərindəki durğunluq layihələndirmə sənədlərində edilən dəyişikliklərlə bağlıdır. İdarə bu fasilənin müvəqqəti olduğunu və məktəbdəki əsaslı təmir-tikinti prosesinin müəyyən olunmuş vaxt çərçivəsində yekunlaşdırılmasının planlaşdırıldığını qeyd edib.
Buna baxmayaraq, konkret tarixin açıqlanmaması sakinlərin narahatlığını artırır. Mövzu ilə bağlı daha geniş videomaterialı təqdim edirik:




