MAA-nın 36 məzunu təlim üçün İspaniyaya yola salınıb
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”nın (AZAL) təşəbbüsü ilə 25-29 apreldə Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lleida şəhərinə yola salınıb.
AFN.az istinadən xəbər verir ki, proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
Məzunlar Baltik Aviasiya Akademiyasının (“Baltic Aviation Academy”) Lleida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (“EASA”) tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.
Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim mərkəzində “Airbus A320” tipli təyyarə üzrə hazırlıq keçərək tip üzrə ixtisaslaşma (“type rating”) sertifikatı əldə edəcəklər. Bütün mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə olaraq 25 pilot Qəbələdə, 65 pilot isə Türkiyədə hazırlıq proqramlarında iştirak edir.
Qeyd edək ki, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq aviaşirkətin donanması dinamik şəkildə genişləndirilir. 2032-cı ilədək AZAL-ın hazırda 25 təyyarədən ibarət donanmasının sayının 50 təyyarəyədək genişləndirilməsi, 280-ə yaxın olan pilot heyətinin sayının isə ən azı iki dəfə artırılması nəzərdə tutulur.


