"Avromed"dən hemofiliyalı xəstələrə verilən dərmanlarla bağlı AÇIQLAMA


AFN.az-da dərc edilən “Avromed hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə” adlı məqalə ilə bağlı adıçəkilən şirkətin rəsmi mövqeyi daxil olub.

Həmin mövqe yazısını olduğu kimi təqdim edirik:

“Avromed Company” MMC olaraq, AFN.az informasiya agentliyinin saytında dərc edilmiş yuxarıda adı çəkilən məqaləni diqqətlə nəzərdən keçirdik. Məqalədə qeyd olunan iddiaların həqiqəti əks etdirmədiyini, bəzilərinin isə məqsədyönlü şəkildə təhrif edilərək təqdim olunduğunu rəsmi qaydada bəyan etmək zərurəti yaranmışdır. Aşağıda sözügedən məqalə ilə bağlı şərhimizi diqqətinizə çatdırırıq.

1. Dərman vasitəsinin keyfiyyəti barədə:

“Avromed Company” MMC tərəfindən dövlət satınalması müqaviləsi çərçivəsində tədarük edilən “Faktor IX” konsentratları Avropa İttifaqının GMP (Good Manufacturing Practice) — Etibarlı İstehsalat Təcrübəsi standartlarına uyğun sertifikatlaşdırılmış beynəlxalq əczaçılıq şirkəti tərəfindən istehsal olunur. Şirkətimiz bu istehsalçı ilə 15 ildən çoxdur ki, rəsmi distribütor müqaviləsi əsasında əməkdaşlıq edir.

Məqalədə adı çəkilən dərman vasitəsinin son istifadə tarixinin 2026-cı ilin oktyabr ayında başa çatması həyəcanverici fakt kimi qələmə verilmişdir. Bununla əlaqədar bildiririk ki, istehsalçı “Faktor IX” konsentratlarının son istifadə tarixinədək tam aktivliyini qoruduğunu və aktiv komponentin (faktorun) parçalanmasının bu tarixdən əvvəl baş vermədiyini rəsmi məktub ilə təsdiqləmişdir.

Eyni zamanda diqqətinizə çatdırırıq ki, dərman vasitələri müəyyən edilmiş saxlama şərtlərinə uyğun olaraq, müvafiq tələb və standartlara cavab verən “Avromed Company” MMC-nin əczaçılıq anbarında saxlanılaraq tibb müəssisələrinə çatdırılır.

Dərman vasitəsinin “beynəlxalq bazarda dəyərindən dəfələrlə ucuza alınaraq dövlətə yüksək qiymətə satılması” iddiası isə hər hansı təsdiqləyici fakt və ya sübutla əsaslandırılmamış bir fərziyyədir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir və bu sahəyə nəzarət müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir.

2. Tender prosedurlarına dair

Məqalədə “Avromed Company” MMC-nin ardıcıl olaraq tender qalibi olması məqamına toxunulmuşdur. Qeyd edirik ki, şirkətimizin dövlət satınalmalarında iştirakı Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir və bütün mərhələlərdə hüquqi proseslərə tərəfimizdən riayət olunur.

Bir daha vurğulamaq istərdik ki, “Avromed Company” MMC Azərbaycan Respublikasının əczaçılıq sahəsində 30 ilə yaxın geniş təcrübəyə malik olan, dünyanın aparıcı əczaçılıq şirkətləri ilə əməkdaşlıq edən, yerli qanunvericiliyi və müqavilə öhdəliklərini bütün fəaliyyət istiqamətlərində rəhbər tutan etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir.

Bununla yanaşı, şirkətimiz fəaliyyətində sosial məsuliyyətə önəm verərək qan xəstəliklərindən əziyyət çəkən insanlara davamlı dəstək göstərir və bu istiqamətdə aktiv iştirak edir. Bunun bariz nümunəsi olaraq şirkətimiz 2025-ci ildə qanvermə aksiyası keçirmiş və toplanan qan ehtiyatı qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilmişdir.

Yekun olaraq:

Gələcəkdə şirkətimiz haqqında həqiqəti əks etdirməyən oxşar iddialar yayıldığı təqdirdə, onlara hüquqi müstəvidə baxılacaq və işgüzar nüfuzun qorunması məqsədilə qüvvədə olan qanunvericiliyə əsasən müvafiq hüquqi tədbirlər görüləcəkdir.

Redaksiyadan: Sözügedən yazı ilə BURADAN tanış ola bilərsiz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu