Tehrandan beynəlxalq uçuşlar bərpa olunur
İran uzun müddət davam edən fasilədən sonra beynəlxalq istiqamətlər üzrə uçuşlara yenidən başlayır.
AFN.az xəbər verir ki, Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanından mövzu ilə bağlı verilən rəsmi açıqlama İranın "Tesnim" agentliyi tərəfindən yayımlanıb.
Məlumata görə, hava limanından İstanbul, Mədinə və Maskat şəhərlərinə beynəlxalq uçuşlar bu gündən etibarən yenidən icra olunmağa başlayacaq.
Bildirilib ki, uçuş proqramı İran Mülki Aviasiya Təşkilatından lazımi icazələr alındıqca mütəmadi olaraq yenilənəcək.
Qeyd edək ki, İrandakı hava limanları 28 fevralda ABŞ və İsrailin hücumlarından sonra başlayan müharibə səbəbindən bağlanmışdı.
Bu müddət ərzində hava limanlarının da hədəf alındığı 40 günlük hərbi münaqişədən sonra mülki uçuşların bərpası barədə qərar qəbul edilib.



