"Azərcell" abunəçiləri aldadır? - "Sərfəli" adı altında soyğunçuluq (FOTOLAR+YENİLƏNİB)
Mobil operatorlar arasında rəqabətin artdığı bir dövrdə müştəri məmnuniyyəti ön plana çıxmalı olsa da, bəzi şirkətlərin tətbiq etdiyi metodlar ciddi suallar doğurur.
AFN.az xəbər verir ki, "Azərcell" abunəçisi Aqil Quliyev sosial şəbəkələrdə şirkətin fəaliyyəti ilə bağlı qarşılaşdığı xoşagəlməz vəziyyəti ictimailəşdirib. Vətəndaşın şikayəti birbaşa müştərilərin çaşdırılması və məlumatların manipulyasiya edilməsi ilə bağlıdır.
Şikayətçinin sözlərinə görə, hər şey bir neçə ay əvvəl nömrəsini digər operatora daşımaq istəyərkən başlayıb. Həmin vaxt "Azərcell" müştərini itirməmək üçün ona xüsusi, daha sərfəli şərtlər təklif edərək onu qalmağa razı salıb. Lakin ötən ay daxil olan növbəti "sərfəli" təklif əslində bir tələyə çevrilib.
Belə ki, abunəçiyə göndərilən ilk SMS-də təklif olunan tarifin bütün üstünlükləri sadalansa da, ən vacib detal — paketin növbəti aylarda 60 manat olacağı barədə heç bir məlumat qeyd edilməyib. Vətəndaş təklifi qəbul etdikdən və paket aktivləşdikdən sonra gələn təsdiq mesajında isə artıq gec olub. Yalnız ikinci mesajın sonunda tarifin qiymətinin kəskin artacağı qeyd edilib.
Bu vəziyyət abunəçini fakt qarşısında qoyub. Köhnə və həqiqətən sərfəli olan paketi artıq ləğv edildiyi üçün, o, ya hər ay 60 manat ödəməli, ya da özünə sərf etməyən digər bahalı tariflərə keçməlidir.
Aqil Quliyev baş verənləri açıq şəkildə müştərilərin aldadılması kimi qiymətləndirir: "Əgər 60 manat məbləği ilk məlumatlandırma mesajında göstərilsəydi, təbii ki, heç bir ağlı başında olan müştəri bu şərtləri qəbul etməzdi". Şirkətin ən vacib şərti mesajın sonunda, xidmət artıq aktiv edildikdən sonra bildirməsi marketinq hiyləsindən daha çox, istehlakçı hüquqlarının kobud şəkildə pozulması təsiri bağışlayır.
Görünən odur ki, "Azərcell" öz abunəçisini saxlamaq üçün dürüst xidmət deyil, manipulyativ üsullara əl atmağa üstünlük verir. Müştərinin seçim imkanını əlindən alan və onu məcburi ödənişlərə sövq edən bu yanaşma, böyük bir şirkətin korporativ etikasına nə dərəcədə uyğundur? Bu sual hələ ki, açıq qalır.
Problemlə bağlı "Azərcell" şirkətinə ünvanladığımız sorğunun cavabını təqdim edəcəyik.
"Azercell" şirkəti mövzu ilə bağlı ünvanladığımız sorğuya cava verib. Həmin cavabı təqdim edirik:
Müraciətinizlə əlaqədar bildiririk ki, mobil xidmətlərə artan tələbat nəzərə alınaraq "Azercell Telekom" MMC tərəfindən müştəri məmnuniyyətinin artırılması məqsədilə abunəçilərə çoxsaylı kampaniya və aksiyalarda iştirak təklif olunur. Bu yanaşma beynəlxalq telekommunikasiya təcrübəsində geniş tətbiq edilir və istifadəçilərə endirimli şərtlərlə xidmətlərdən yararlanmaq imkanı yaradır.
Sözügedən nömrədə də həmçinin, "Premium+60GB" tarifi xüsusi kampaniya çərçivəsində 70% endirimlə təqdim olunub. İlkin məlumatlandırıcı SMS bildirişində təklifin qüvvədə olduğu müddət (28 gün) göstərilib. Həmçinin müvafiq kampaniyada iştirak ilə əlaqədar sorğu daxil olduqdan sonra tarifin standart şərtləri, o cümlədən növbəti dövr üçün tətbiq olunan qiymət barədə əlavə məlumat SMS vasitəsilə təqdim edilib. Abunəçilər təqdim olunan təkliflərdən istifadə edərək hər hansı kampaniyaya qoşulduqdan sonra növbəti dövr üzrə seçimlərini sərbəst şəkildə dəyərləndirə və istifadə vərdişlərinə, həmçinin tələbatlarına uyğun olaraq istənilən vaxt kampaniyadan imtina edə və alternativ tariflərə keçid edə bilərlər.
Bildiririk ki, "Azercell Telekom" MMC fakturalı və fakturasız (SimSim) xətt sistemləri üzrə abunəçilərinə geniş tarif portfeli təqdim edir. Şirkət biznes proseslərini davamlı olaraq təkmilləşdirir və rəqəmsal dövrün tələblərinə uyğun, müştərilər üçün faydalı yeni xidmət və məhsulların inkişafına xüsusi önəm verir. Təqdim olunan xidmətlərə görə xidmət haqları bazar araşdırmaları, abunəçi tələbatı və beynəlxalq təcrübə, o cümlədən həm ölkə daxilində fəaliyyət göstərən operatorların, həm də xarici və MDB-yə daxil olan ölkələrdə fəaliyyət göstərən mobil operatorların analoji xidmətləri üzrə tətbiq etdiyi yanaşmalar nəzərə alınmaqla formalaşdırılır.
Abunəçilər "Azercell Telekom" MMC-nin təqdim etdiyi tarif paketləri və xidmətlər, cari kampaniyalar və aksiyalar, tarif paketlərinə şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.



