ADSEA-nın tabeli qurumları ərazilərdə yığılan yağış sularını kənarlaşdırır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qurumun mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, hazırda Bakı şəhəri və Abşeron yarımadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zamanı səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir-beton boru quraşdırıb.
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb. Eyni zamanda, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.
Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istismara yararsız təxliyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.
Həmçinin, Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri yağış sularından təmizlənir. Agentliyin texniki heyəti və xüsusi texnikası yağıntıların fəsadlarının aradan qaldırılması üçün işləri davam etdirir.
