Aprel döyüşlərinin 10-cu ildönümündə “Zəfər Yolu” təqdim olundu - FOTOLAR


Ötən gün Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi ümumi qrant müsabiqəsi çərçivəsində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, “Veysəloğlu” Şirkətlər Qrupunun sponsorluğu və Mədəniyyət TV-nin media tərəfdaşlığı ilə baş tutan tədbir Akademik Milli Dram Teatrında reallaşıb. Mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" İctimai Birliyinin sədri Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük qələbə ilə nəticələnib. Onun sözlərinə görə, Aprel döyüşləri müasir tariximizdə qələbəyə aparan yolun başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır.

Ədəbi-bədii gecədə Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, “Veysəloğlu” Şirkətlər Qrupunun CEO müavini İlqar Nuri, şəhid anaları Ziba ƏsgərovaZeynəb Bayramova çıxış edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin təməli məhz bu döyüşlərdə qoyulub.

Tədbirin sonunda şəhidlərin real həyat hekayələri əsasında hazırlanmış “Xatirələr muzeyi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə əməkdar artist Nicat Kazımovdur. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və duyğulu anlarla qarşılanıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu