6 ölkədən Hörmüz boğazı ilə bağlı birgə bəyanat
Fransa, Almaniya, İtaliya, Yaponiya, Niderland və Böyük Britaniya Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduqlarını bildiriblər.
AFN.az xəbər verir ki, sözügedən ölkələrin liderləri Hörmüz boğazındakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda deyilir: "İran tərəfindən Körfəzdə silahsız ticarət gəmilərinə qarşı son hücumları, neft və təbii qaz obyektləri başda olmaqla mülki infrastruktura yönəlmiş zərbələri və Hörmüz boğazının İran Silahlı Qüvvələri tərəfindən bağlanmasını qətiyyətlə pisləyirik".
Bölgədəki hücumların şiddətlənməsindən ciddi narahatlıq ifadə olunan bəyanatda İran təhdidləri, minalama əməliyyatlarını, PUA və raket hücumlarını, habelə ticarət gəmiçiliyinə mane olan bütün cəhdləri dayandırmağa və BMT Təhlükəsizlik Şurasının 2817 nömrəli qətnaməsinə əməl etməyə çağırılıb. Vurğulanıb ki, gəmiçilik azadlığı beynəlxalq hüququn təməl prinsiplərindən biridir və İranın hərəkətlərinin mənfi təsiri dünyanın hər yerində hiss olunmaqdadır.
Qlobal dəniz daşımalarına və enerji tədarük zəncirlərinə bu cür müdaxilələrin dünya sülhü və təhlükəsizliyi üçün təhdid yaratdığı qeyd edilərək, mülki infrastruktura hücumlara son qoyulması tələb olunub. Bəyanatda həmçinin boğazda gəmiçilik təhlükəsizliyini təmin etmək üçün müvafiq səylərə töhfə verməyə hazır olduqları qeyd olunub.
Liderlər Beynəlxalq Enerji Agentliyinin (IEA) neft rezervlərindən koordinasiyalı şəkildə istifadəyə icazə verməsini müsbət qiymətləndiriblər. Enerji bazarının sabitləşməsi üçün hasilatçı ölkələrlə birlikdə hasilatın artırılması daxil olmaqla müxtəlif tədbirlərin görüləcəyi bildirilib.
Sonda bütün ölkələrdən beynəlxalq hüquq normalarına riayət etmələri istənilib.
