İnstagram-da riskli axtarışlar edən yeniyetmələrin valideynlərinə xəbərdarlıq göndəriləcək
Sosial media platforması İnstagram-da müəyyən bir dövr ərzində intihar və ya özünə zərər vermə ilə bağlı təkrarən axtarış edən yeniyetmələrin valideynlərinə xəbərdarlıq bildirişi göndəriləcək.
AFN.az xəbər verir ki, Amerikanın texnologiya nəhəngi "Meta" tərəfindən verilən rəsmi açıqlamaya görə, İnstagram-dakı "yeniyetmə hesabları" (Teen Accounts) istifadəçilərini qorumaq və valideyn nəzarətini gücləndirmək məqsədilə yeni təhlükəsizlik tədbirləri qüvvəyə minir.
Platformadakı gənclərin müəyyən zaman kəsiyində intihar və ya özünə zərər vermə mövzulu axtarışları təkrarən etdikləri müəyyən edilərsə, onların valideynləri bu barədə məlumatlandırılacaq. İnstagram-ın valideyn nəzarəti proqramından (Parental Supervision) istifadə edən valideynlər övladlarının dəstəyə ehtiyacı ola biləcəyi barədə e-poçt, qısa mesaj, "WhatsApp" və ya tətbiqdaxili bildiriş vasitəsilə xəbərdarlıq mesajı alacaqlar.
Valideynlərə həmçinin övladları ilə bu cür həssas mövzularda söhbət etmələrinə kömək edəcek mütəxəssis tövsiyələri və resursları da təqdim olunacaq. Gələn həftələrdən etibarən ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada tətbiqinə başlanılacaq bu yeni funksiya ilin sonuna qədər digər ölkələrdə də istifadəyə veriləcək.
Bu addım "Meta"nın uşaqlara vurduğu iddia edilən zərərlər səbəbindən ABŞ-da bir neçə məhkəmə iddiası ilə üzləşdiyi bir dövrdə atılması ilə diqqət çəkir. Şirkətin baş icraçı direktoru Mark Zukerberq və İnstagram-ın rəhbəri Adam Mosseri platformanı mümkün qədər təhlükəsiz etməyə çalışdıqlarını bildiriblər. "Meta" həmçinin oxşar xəbərdarlıq sistemini süni intellekt çatbotları üçün də ilin sonunadək tətbiq etməyi planlaşdırır.

