İki ildən çoxdur ləğv edilən BNA-nın adı paytaxtda hələ də "yaşayır"
Bakı Nəqliyyat Agentliyi 2023-cü ildə ləğv olunmasına baxmayaraq, hələ də bir sıra vacib obyektlərdə, dayanacaqlarda BNA adı qalmaqdadır.
Bu barədə AFN.az-a Bakı sakinləri bildiriblər. Vətəndaşlar Koroğlu Nəqliyyatın Mübadilə Mərkəzində, paytaxtdakı bir çox dayanacaqlarda hələ də BNA adının qalmasından narahatdırlar. "Xüsusilə Koroğlu Nəqliyyatın Mübadilə Mərkəzi kimi böyük bir obyektdə BNA adının qalmas bizi çaşdırır. Bizə xidmət göstərən qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir, amma dayanacaqlarda, mərkəzlərdə, nəqliyyat vasitələrində BNA adı qalır. Bir sözü, şikayəti olan insan BNA axtarır dərdini deməyə. Bu hal əhalidə çaşqınlığa səbəb olur".
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi 2023-cü ilin aprelində Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilib. Fərmanla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliy (AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.
AFN.az mövzu ilə bağlı AYNA-ya sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, ləğv edilən qurumun adının dəyişdirilməsi şəhərin bir neçə yerində artıq həyata keçirilib: "Növbəti il ərzində prosesin davam etdirilməsi nəzərdə tutulub".





