Instagram-da Reels və Kəşfetin alqoritmi tənzimlənə biləcək
Instagram istifadəçilərin alqoritmi öz zövq və seçimlərinə uyğun şəkildə fərdiləşdirə biləcəyi yeni bir funksiya üzərində işləyir. İlk mərhələdə bu xüsusiyyət Reels-də, daha sonra isə Kəşf (Explore) bölməsində sınaqdan keçiriləcək.
Instagram-ın baş direktoru Adam Mosseri Threads platformasında etdiyi paylaşımda “algoritmanızı tənzimləyin” adlı yeni funksiyanın test mərhələsinə başladığını açıqlayıb. Mosserinin sözlərinə görə, məqsəd istifadəçilərə həqiqətən maraqlandıqları məzmunu göstərərək daha mənalı bir təcrübə təqdim etməkdir.
Yeni funksiya ilə istifadəçilər, tətbiqin tənzimləmələr menyusunda “Your Algorithm” (Sizin alqoritminiz) bölməsinə daxil olaraq öz maraq sahələrini seçə biləcəklər.
Mosserinin paylaşdığı ekran görüntüsünə əsasən, menyuda istifadəçinin son vaxtlar qarşılıqlı əlaqədə olduğu mövzuların siyahısı göstərilir. Məsələn, onun siyahısında lüks saatlar, moda həftəsi, Bad Bunny, stənd-ap komediyası və konsertlər yer alıb.
İstifadəçilər “Add+” düyməsi vasitəsilə yeni maraq sahələri əlavə edə, həmçinin görmək istəmədikləri məzmun növlərini ayrıca bölmədə işarələyə biləcəklər.
İlk test Reels-də, sonra Kəşf bölməsində
Mosseri bildirib ki, funksiya ilkin olaraq Reels videolarında aktiv olacaq. Testdə iştirak edən istifadəçilər öz Reels axınlarında görmək istədikləri video tiplərini bu menyudan tənzimləyə biləcəklər.
Qeyd edək ki, son aylarda Instagram artıq istifadəçi təcrübəsini fərdiləşdirməyə yönəlmiş bir sıra idarəetmə funksiyaları təqdim edib. Bunlara valideyn nəzarəti, həssas məzmun filtrləri və lent (feed) idarəetmə seçimləri daxildir. Yeni funksiya ilə bu nəzarət imkanları daha da genişlənəcək.
Threads tətbiqinə də gələcək
Mosseri əlavə edib ki, eyni funksiya gələcəkdə Threads tətbiqinə də inteqrasiya ediləcək.
Şirkət funksiyanın qlobal miqyasda nə vaxt istifadəyə veriləcəyi barədə hələlik dəqiq tarix açıqlamayıb. Hazırda məhdud sayda istifadəçi test mərhələsində bu yeni alqoritm tənzimləmə xüsusiyyətini sınaqdan keçirə bilir.


