OpenAI 1 trilyon dollarlıq ilkin səhmlərin satışına hazırlaşır
Süni intellekt əsaslı söhbət botu ChatGPT-nin yaradıcısı olan OpenAI-nin 2026-cı ilin ikinci yarısında ilkin səhmlərin satışına (IPO) müraciət etməyi nəzərdən keçirdiyi bildirilir. Reuters agentliyinin xəbərinə görə, şirkətin hədəfi 1 trilyon dollar dəyərində qiymətləndirmə ilə birjaya çıxmaqdır.
Xəbərdə qeyd olunur ki, OpenAI azı 60 milyard dollar məbləğində kapital toplamağı planlaşdırır. Belə bir IPO texnologiya tarixinin ən iri ilkin səhmlər satışlarından biri olacaq.
OpenAI-nin baş direktoru Sem Altman, çərşənbə axşamı keçirilən daxili yayım zamanı “Gələcəkdə ehtiyac duyacağımız kapital miqdarını nəzərə alsaq, ilkin səhmlərin satışı bizim üçün ən mümkün yol kimi görünür” deyib.
Şirkət sözçüsü isə “Hazırda əsas diqqətimiz IPO üzərində deyil, buna görə konkret tarix də müəyyənləşdirməmişik. Məqsədimiz hər kəsin süni ümumi intellektdən (AGI) faydalana biləcəyi davamlı bir sistem qurmaqdır” deyə qeyd edib.
Texnologiya xəbərləri saytı The Information-un məlumatına görə, OpenAI bu ilin ilk yarısında 4,3 milyard dollar gəlir əldə etsə də, 7,8 milyard dollar əməliyyat zərəri açıqlayıb.
Mütəxəssislər hesab edir ki, bu cür nəhəng qiymətləndirmələr süni intellekt sektorunda “balon” qorxularını artırır. İngiltərə Mərkəzi Bankı bu ay yayımladığı açıqlamada “Əgər süni intellektlə bağlı gözləntilər sönərsə, texnologiya səhmlərinin dəyər itirməsi baxımından bazar xüsusi risk altına düşə bilər” deyə xəbərdarlıq edib.
Reuters-ə danışan mənbələrin bildirdiyinə görə, OpenAI-nin maliyyə direktoru Sara Frayar şirkət daxilində 2027-ci ili mümkün IPO ili kimi qeyd edib. Lakin bəzi məsləhətçilər bu prosesin 2026-cı ildə də baş verə biləcəyini bildirirlər.
