Almaniya Qəzzada vəziyyətin sabitləşməsinə töhfə verməyə hazırdır - Merz
Almaniya kansleri Merz Qəzza sülh prosesini tarixi addım adlandırıb
AFN.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz İsrail və Fələstinin HƏMAS hərəkatı arasında sülh prosesinin ilk addımlarını "tarixi" adlandırıb və Almaniyanın regionda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu açıqlayıb.
Merz Şarm əl-Şeyxdə jurnalistlərə deyib: "13 oktyabr 2025-ci il tarixi bir gündür. Bu region və bütün dünya üçün tarixə düşəcək. Qəzzada müharibə bitdi. Bu yaxşı xəbərdir. Münaqişəyə ən azı bu gün son qoymağı bacardıq. Biz mühüm sənədi imzalamaq üçün burada Şarm əl-Şeydə toplaşmışıq. Bu, ümid edirik ki, regionda sülh və mehriban qonşuluq dövrünün başlanğıcını göstərir".
Kansler həmçinin bildirib ki, bu gündən etibarən fələstinlilər və İsrail arasında davamlı birgəyaşayış da daxil olmaqla, bölgədə sabitlik və sülhü təmin edəcək proses başlayacaq. Merz Almaniyanın İsrailə dəstəyini bir daha vurğulayıb: "Bu, həmişə belə olub və olacaq. Buna görə də biz regionda davamlı sülh həllinə nail olmaq üçün bütün şəraitin yaradılmasında öz köməyimizi təklif edirik".
