Müəllimlər Günü təhsilimizin əsas problemidirmi?
Müəllimlər Günü ətrafında gedən müzakirələrə sərf olunan vaxtı, bir anlıq təsəvvür edin ki, təhsilin real problemlərinə yönəldirik. Əmin olun, o halda daha böyük uğurlar qazana bilərik. İllərdir eyni düşünürəm. Direktorlarla, məktəb rəhbərləri ilə dəfələrlə bu barədə söhbət açmışam. Rəhbərlik tərəfindən bu məsələ üzərində elə bir ciddi basqı olur ki, məktəblərdə müəllimlər və idarəçilər hələ tədbirdən bir həftə, bəzən on gün əvvəl bütün işlərini yarımçıq qoyub yalnız bu “təbrik problemi” ilə məşğul olmağa başlayırlar.
Bu isə təbii olaraq tədrisin keyfiyyətinə nəzarəti minimuma endirir. Müəllimə hörmət qoyan, onun zəhmətini dəyərləndirən valideynlər onsuz da ürəklərindən gələn diqqəti göstərirlər. Əlamətdar bir gündə bunu etmək onların borcu olmasa da, arzularıdır, öz istəkləridir. Burada təhsilin keyfiyyətinə hansı zərər ola bilər, mən hələ də anlaya bilmirəm. Əksinə, bəzən bu qadağa prosesi müəllimlərə daha da sərf edir: əvvəllər 30 valideyn birləşib hərəsi 10 manatdan yığır, nəticədə 300 manatlıq bir hədiyyə alınırdısa, indi hər valideyn ən azı 20 manat konvertin içinə qoyur. Yəni nəticədə müəllim daha çox qazanır. Halal xoşu olsun!
Əgər təhsil qurumları doğrudan da valideynləri düşünürlərsə, bunu formal tədbirlərlə deyil, dərsliklərin üzərində ciddi işləməklə göstərsinlər. Çünki əsas məsələ budur. Məsələn, niyə bir dərslik pulsuz verilib, onun ətrafına əlavə 30 manatlıq köməkçi vəsaitlər aldırılmalıdır? Əslində bu sual üzərində baş sındırmaq, real cavab axtarmaq lazımdır. Direktor vasitəsilə müəllimlərdən, təşkilatçı valideynlərdən ərizə toplamaq asandır, əsas məsələ daha keyfiyyətli təhsil naminə ciddi addımlar atmaqdır.
Ən başlıca məsələ isə dərsliklərin keyfiyyətidir. Elə elm və təhsil naziri Emin Əmrullayevin özü də bunu etiraf edib, hətta ictimaiyyətə çağırış edib ki, gəlin normal dərsliklər hazırlayaq. Amma nazir bu müraciəti kimə ünvanlayır, kimdən kömək istəyir – onu bilmirəm. Bildiyim bir həqiqət var: nəinki Emin Əmrullayev, hətta müəllimlərin özləri də dərsliklərin mövcud vəziyyətindən çox ciddi şəkildə narazıdırlar.
Həbibə ABDULLA



