Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi olub - VİDEO

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.
AFN.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra "Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.
Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.
İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.
Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi...
Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.
Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!
***
Sonra Türkiyə Respublikasının Prezidenti çıxış edib.
Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar. Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsiblər.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "Azərbaycan” məhəlləsini gəziblər, burada inşa edilmiş mənzillərdə yaradılan şəraitlə tanış olublar.