Emin Əmrullayev İstanbulda Qlobal İnkişaf Konqresində çıxış etdi

İyunun 17-də Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nin rəsmi açılış mərasimi baş tutub.
AFN.az xəbər verir ki, açılış mərasiminə qatılan elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib.
“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin moderatorluğu ilə keçirilən müzakirədə Emin Əmrullayev Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb.
Eyni zamanda, ali təhsil müəssisələrində dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim tədqiqatlarının dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq görünürlüyün artırılması kimi məsələlər də müzakirə edilib.
Qeyd edək ki, sözügedən konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə iştirak edir.