Kamran Əsədov DİM-in test səhvlərilə bağlı müzakirələri yarımçıq tərk etdi

K. Əsədov DİM-i faktlarla ziddiyyət təşkil edən testlərə görə tənqid etdi
Təhsil eksperti Kamran Əsədov, 25 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qruplarına keçirilən qəbul imtahanında tarix fənnindən salınan bəzi mübahisəli test tapşırıqlarını kəskin şəkildə tənqid edib.
Ekspert sosial şəbəkədəki paylaşımında bildirib ki, DİM nə öz abituriyent jurnalında dərc olunan kurikulum standartlarına, nə orada təqdim edilən ədəbiyyat siyahısına, nə də ümumtəhsil məktəblərinin rəsmi dərsliklərinə uyğun gələn testlər təqdim edib:
“Verilən bəzi test tapşırıqları elmi baxımdan əsassızdır və faktlarla ziddiyyət təşkil edir. Təəssüf ki, DİM bu məsələdə elmi və konstruktiv mövqe sərgiləmədi. Yalnız daxili statistikaya əsaslanan, nəyə görə təqdim edildiyi bəlli olmayan rəqəmlərlə manipulyasiya cəhdləri edildi”.
Əsədov bildirib ki, müzakirə zamanı konkret 3 yanlış test nümunəsi təqdim etsə də, ona qarşı yalnız inzibati müdafiə mövqeyi sərgilənib:
“Bundan sonra belə qeyri-şəffaf və arqumentsiz münasibətin qarşısında müzakirəni yarımçıq tərk etdim. Bu, müzakirə deyil. Bu, sadəcə müdafiə reaksiyası idi.”
Ekspert, DİM-in rəsmi dərsliklərə və özünün elan etdiyi ədəbiyyat siyahısına əsaslanmadan testlərin düzgünlüyünü sübut etməyə çalışdığını bildirərək, hüquqi müstəvidə addımlar atacağını açıqlayıb:
“Testin doğruluğu yalnız şəxsi təxəyyülə deyil, fakta söykənməlidir. Amma DİM fakt təqdim edə bilmədi. Bu səbəbdən məsələni məhkəmə müstəvisinə çıxaracağam.”
Qeyd edək ki, tarix fənnindən ən azı 3 test tapşırığı ilə bağlı geniş narazılıqlar yaranıb. Müəllimlər və təhsil ekspertləri abituriyentlərin bu testlərə görə qiymətləndirmədə zərər çəkməməsi üçün onların lehinə qərar verilməsini tələb edirlər.