Avstriyada nikah yaşı 18-ə qaldırılır – Qohum evlilikləri qadağan olunur

Avstriya hökuməti 16 olan minimum evlilik yaşını 18-ə qaldırmaq və yaxın qohumlar arasında nikahları qadağan etmək üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib.
Uzun müddətdir ictimai müzakirədə olan bu məsələ ilə bağlı qanun layihəsi artıq Nazirlər Kabinetində qəbul olunub. Ədliyyə naziri Anna Sporrer mətbuata verdiyi açıqlamada bildirib ki, qanun layihəsi parlamentin alt komissiyasına göndərilib və 2025-ci ilin avqust ayında qüvvəyə minməsi gözlənilir.
Ailə, Uyğunlaşma və Avropa məsələləri üzrə nazir Klaudia Plakolm yeni tənzimləmənin yetkinlik yaşına çatmamış şəxslərin erkən nikahlarının qarşısını almaqda vacib rol oynayacağını qeyd edib:
“16 yaşlı bir uşağın sinif otağında olması lazımdır, nikah salonunda yox.”
Əmioğlu-əmiqızı nikahlarına qadağa
Yeni qanun qəbul olunacağı təqdirdə, yaxın qohumlar arasında evliliklər, o cümlədən əmioğlu və əmiqızı nikahları da qadağan ediləcək.
Statistika nə deyir?
Avstriya Statistika İdarəsinin məlumatına görə, bu qanun layihəsinin əhatə etdiyi hallar nadir baş verir. 2015-ci ildə yalnız 50 halda cütlüklərdən biri 18 yaşından aşağı olub. 2024-cü ildə isə bu rəqəm cəmi altı hal təşkil edib.
Hazırda vəziyyət necədir?
Avstriyada mövcud qanunvericiliyə əsasən, 16 yaşlı şəxslər yalnız valideynlərinin və ekspertlərin razılığı ilə evlənə bilirlər. Yeni qanun bu istisnanı da aradan qaldıraraq, tam 18 yaş şərtini tətbiq edəcək.