Lukas Torreira: Muslera sayəsində "Qalatasaray"a gəldim

Uruqvay futbol komandasının üzvü, "Qalatasaray"ın oyunçusu Lukas Torreira komandaya gəlişində Fernando Musleranın ("Qalatasaray"ın qapıçısı) rolundan danışıb.
O bildirib ki, "Qalatasaray"a Muslera sayəsində gəlib: "Ona məni inandırana qədər hər gün zəng etdiyi üçün ona təşəkkür edirəm. Ona deyirdim ki, 'Nando, daha mənə zəng etmə'. Amma o, hətta mən məzuniyyətdə olanda da zəng vurub 'Qalatasaray'ın mənimlə maraqlandığını, baş məşqçinin də məni çağırmaq istədiyini deyirdi.
Arsenalda idim və hələ də Türkiyəyə getməyi planlaşdırmırdım. Lakin Muslera o qədər təkid etdi ki, mən axırda razılaşıb 'Qalatasaray'la müqavilə imzaladım. Yaxşı ki, imzaladım. Bu imza mənə kubok qaldırmaq şansı verdi, bəzən böyük klublarda bu şansı əldə etmək olmur. 3 ildir 'Qalatasaray'dayam, burada çox xoşbəxtəm".