Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT-VİDEO

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence” kooperativi ilə sakinləri arasında qalmaqal bitmək bilmir. Binanın layihə üzrə işlərini tamamlamayan MTK rəhbərliyi hər dəfə qanunsuz əməlləri ilə sakinlərin haqlı şikayətlərinə səbəb olur. Hazırkı vəziyyət isə daha kəskin xarakter alıb. İllərdir başlarına gələn bəladan xilas ola bilməyən sakinlər bununla bağlı media vasitəsilə ictimaiyyətə və əlaqədar qurumlara növbəti dəfə məlumat veriblər.
Daha öncə də bildirdiyimiz kimi, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi binanın həyətində qanunsuz tikililərin sökülməsi, qanunsuz hərəkətlərin dayandırılması və sakinlərə qarşı törədilən qanunsuz manelərin aradan qaldırılması barədə bina yaşayışçılarının xeyrinə qərarlar çıxarmasına baxmayaraq, Ali Məhkəmənin hakimi Babayev Zəki Baba oğlu bu işi guya bəzi araşdırma və dəqiqləşdirmələrə zərurət yaranması səbəbindən geri qaytarıb. Bu da sakinlərin ciddi narazılığı ilə qarşılanıb. Çünki bu addım MTK rəhbərliyinin sakinlərə qarşı əl-qolunu açıb. Görəsən, Ali Məhkəmə hakimi dəlil olaraq, hansı araşdırmalara əsaslanıb?
Söhbət bundan gedir ki, MTK-nın təsisçisi Babək İsmayılov həyəti bərpa etmək və layihəni sona çatdırmaq bəhanəsi ilə qonşu "Caspian” MTK-nın müvafiq dövlət qurumunda təsdiqi olmayan "layihəsi” çərçivəsində avtomobil dayanacağına yol açmaq üçün təhvil verilən "Pilot Residence” yaşayış kompleksinin binasının 1-ci blokunun yaxınlığında qanunsuz qazıntı işləri aparmaqla yeraltı keçid inşa etmək üçün əlavə giriş düzəltmək istəyir. Bununla da o, daha çox nəqliyyat vasitəsinin parklanması üçün yerlər əldə edib qazancını artırmaq arzusundadır.
Sakinlərdən xəbər tutduq ki, hazırda fəaliyyətdə olan yeraltı qarajın bir hissəsi Babək İsmayılovun qeyri-rəsmi "rent-a-car” biznesinə xidmət edir. Hər iki MTK layihələrinin pilot olması səbəbindən işlərin Səbail RİH-in rəyinin olduğu halda həyata keçirilməsi mümkündür. Söhbət qanunazidd olmayan və 2017-ci ildə təsdiqlənən layihə əsasında fəaliyyətlərdən gedir.
Hazırda "Caspian” MTK FHN-nin Dövlət Ekspertiza Baş İdarəsi (DEBİ) tərəfindən verilən rəy və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təsdiqi olmadan ona istinad etdikləri yeganə sənəddir. Bu isə 2023-cü il tarixində qüvvədən düşüb. Bir sözlə, "Caspian” MTK-nın layihəsinin sənədləşdirilməsi üçün nəinki DEBİ-nin təsdiqi tələb olunur, həmçinin TTNDA-nın da təsdiqi zəruridir. Odur ki, mövcud qanunvericiliyə əsaslanaraq aidiyyəti dövlət qurumları - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, Səbail RİH məsuliyyəti üzərinə götürməkdən imtina edirlər.
Bunun ardınca, "Pilot Residence” MTK da fürsətdən istifadə edib, hər addıma əl ataraq yalanlar, bəzən isə hədə-qorxu ilə sakinlərdən imza toplamağa başlayıblar. Sakinlər əminliyini bildirir ki, MTK rəhbərliyinin bu qanunsuz niyyəti də baş tutmayacaq. Şikayətçilərin haqlı tələbi budur ki, qonşuluqdakı "Caspian” MTK öz binasının infrastruktur, o cümlədən qarajlarını sırf özünə aid olan hissədə qanunamüvafiq şəkildə tamamlasın.
Bugünədək sonsuz sayda vədlər verən MTK sahibi indi də iddia edir ki, 2-3 ay müddətində həyəti bərpa edib layihəni sona çatdırdıqdan sonra guya ki, binaya xidmət etməkdən imtina edəcək, işləri sakinlərin ixtiyarına buraxacaq. Lakin bu vədlərə artıq kimsə inanmır. Mənzil Məcəlləsinə əsasən, yaşayış binası dövlət qeydiyyatından keçdiyi andan sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis etməklə hüquqi şəxs qismində idarəçiliyi ələ ala bilərlər.
Bütün yuxarıda deyilənlər təqdim olunan videolarda da öz əksini tapır. Buradan göründüyü kimi, hazırda binanın 2-ci mərtəbəsində tibbi xidmətlərə aid olan lisenziyasız özəl şirkət fəaliyyət göstərir. Və bir neçə aydır ki, sözügedən şirkət qanunsuz olaraq sakinlərin ümumi istifadəsində olan liftdən yararlanır. Məsələ sakinlər tərəfindən qaldırılandan sonra həmin özəl şirkətə 3 həftədən çox müddətə ayrıca giriş pilləkəni düzəldə bilməyən MTK rəhbərliyinin 3 ay möhlətə dediyi layihə üzrə işləri tamamlayaraq başa çatdıracağı mümkünsüzdür.