Səttar Bəhlulzadə adına XDTG-də Salatın Əsgərovaya həsr olunmuş tədbir keçirilib - VİDEO

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova ilə bağlı tədbir keçirilib.
AFN.az xəbər verir ki, tədbir gimnaziyanın 6b sinfinin şagirdləri tərəfindən təşkil edilib. Tədbirdə məktəbin şagird və müəllim kollektivi, valideynlər və Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov iştirak edib. Şagirdlər müxtəlif səhnəciklərlə, şeirlərlə çıxış ediblər.
S.Bəhlulzadə adına XDTG-nin direktoru Xəyalə Veyisova çıxış edərək, Salatın Əsgərova haqqında bir daha ətraflı məlumat verib. X.Veyisova çıxışında S.Əsgərovanın bir vətəndaş, bir ana kimi böyüklüyünü qeyd edib: “O, oğlunu özü böyüdə bilməsə də, oğlu anasının adına layiq oldu və öz yerini tapdı. Mən Ceyhun bəy, sizə təşəkkür edirəm tədbirimizdə iştirak etdiyiniz üçün. Şagirdlərimiz bu gün sizin qarşınızda çıxış edəcəkləri üçün özlərini daha məsuliyyətli hiss etdilər”. X.Veyisova tədbirin təşkilatçılarına, iştirakçılarına da təşəkkürlərini bildirib.
C.Əsgərov çıxış edərək istər Salatın Əsgərovanın, istərsə də digər Milli Qəhrəmanlarımızın artıq bir obraza çevrildiyini bildirib: “Bu obraz sayəsində biz 44 günlük müharibədə qələbə çaldıq. O qələbəni qazanan gənclər nə Qarabağ görmüşdülər, nə İsa bulağından su içmişdilər. Məhz bu cür tədbirlərlə onlara vətənpərvərlik aşılanmışdı və onlar Qarabağın bizim üçün nə demək olduğunu bilmişdilər. Bu cür tədbirlər məhz bizim gəncliyə lazımdır ki, onlar qəhrəmanlarımızı tanısınlar. Çox sağ olun tədbirin təşkilatçılığı üçün, hər birinizə minnətdaram”.
Sonda C.Əsgərova Salatın Əsgərovanın XDTG-nin 10-cu sinif şagirdi Fatimə Rəhimlinin çəkdiyi portreti hədiyyə edilib.