Mərdəkan sakinləri ölkə başçısına müraciət etdilər: Evlərimiz suyun altında qalıb - FOTOLAR

Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi Rəfael Cəfərov küçəsi və yanaşı ərazinin sakinləri Prezident İlham Əliyevə müraciət ünvnlayıblar. Şikayətçilər yağan yağışlar nəticəsondə evlərinin su altında qaldığını, heç bir dövlət qurumundan dəstək ala bilmədiklərini bildiriblər.
Sakinlər qeyd edirlər ki, yaranmış problemin həlli yerli qurumların imkanları xaricindədir. Onların fikrincə, ölkə Prezidentinin xüsusi tapşırığı ilə bir neçə qurum birləşib problemi aradan qaldıra bilər: "Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi və ona parelel ərazidə 50-ə yaxın fərdi yaşayış və bağ evlərinin həyətləri, zirzəmi sahələri, məhəlləarası yollar 2024-cü ilin oktyabr ayından bəri subasmaya məruz qalıb. Uzun illər yaşadığımız bu ərazidə evlərimizin zirzəmiləri, həyətyanı sahələr quru, normal halda olub. 2024-cü ilin oktyabr ayında baş verən yağıntılardan sonra, ərazidə məhəllədaxili yolları, həyətyanı sahələri və evlərin zirzəmilərini sel suları basdı. Yağışlardan sonra öz imkanlarımızla sel sularının təmizlənməsini, zirzəmilərdən suyun çəkilməsini təmin etdik, lakin problem bitmədi, daha da böyüdü. Həyətlərimizi, zirzəmiləri su basmaqda davam edir. Bir neçə aydır qrunt sularının səviyyəsinin qalxması, intensivləşməsi nəticəsində məhəllədaxili yollarda, həyətyanı sahələrdə gölməçələr əmələ gəlir, zirzəmilərə su dolur. Evlərin bünövrəsinə ziyan dəyir, ağaclar, yaşıllıqlar yanır. Havanın quraqlıq vaxtlarında da qrunt suları həyətlərə dolur, yağış yağdıqda isə vəziyyət daha dözülməz hala çatır, özümüzün quraşdırıdığımız su nasosları da zirzəmilərə dolan suyu çəkib təmizləyə bilmir. Evlərimizdə məişət əşyaları yanıb sıradan çıxır, rütubətin yüksəldiyinə görə evlərdə yaşamaq çətinləşir, ağaclar, yaşıllıqlar yanır.
Müraciət etdiyimiz yerli icra orqanları və bələdiyyənin, aidiyyəti qurumların mütəxəssisləri müəyyən ediblər ki, ərazidə çirkab sularının axıdılması üçün kanalizasiya qurğusu, istərsə də, yağış və qrunt sularına görə heç bir drenaj sisteminin olmaması belə vəziyyətə səbəb olur. Kanalizasiya və drenaj sisteminin qurulması isə yerli orqanların imkanında deyil. Biz sakinlər də öz hesabımıza, əlaqədar orqanların dəstəyi olmadan bu sistemləri qura bilmərik. Müəyyən edilmişdir ki, təxminən 400 metr aralıdan çirkab və qrunt sularının axıdılması üçün drenaj sistemi keçir. Lakin həmin xəttə qoşulma və ya yeni xətlərin qurulması müvafiq səlahiyyətli orqanların razılığı, birgə layihəsi, maliyyə vəsaiti və bilavasitə iştirakı ilə kompleks tədbirlərlə həyata keçirilməilidir.
Bildiyimizə görə, yeraltı və yerüstü suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təmin etmək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin vəzifələrinə aid olan məsələdir. Əgər Agentlik və ya yerli icra hakimiyyəti orqanı tərəfindən, müvafiq tədbirər planı hazırlanıb icra edilərsə, biz sakinlər də imkanlarımız daxilində prosesə dəstək olmağa hazırıq. Əks təqdirdə evlərimizdə yaşayışımız mümkün deyil, evlərimiz, həyətlərimiz, yolların asfalt örtüyü və bağ sahələri tamamilə yararsız hala düşəcək və bərpası mümkün olmayan fəsadlar yaradacaqdır.
Sizdən xahiş edirik, müraciətimizi nəzarətə götürəsiniz, üzləşdiyimiz çətinliyin həlli üçün aidiyyəti qurumlara göstəriş verəsiniz. İnanırıq ki, müraciətimizə mümkün qısa müddətdə baxılmasına öz köməyinizi əsirgəməyəcəksiniz".