Naxçıvana getmək istəyənlər saatlardır hava limanında qalıblar - VİDEO

Bakıdan Naxçıvana təyyarə reyslərində günlərdir yaranan problem yenə davam edir.
Bu barədə AFN.az-a sərnişinlər bildiriblər. Onların sözlərinə görə, bu gün saat 10:00-da uçmalı olan təyyarə hələ Bakı hava limanındadır. “Körpə uşaqla saatlardır hava limanındayıq. Günlərdir AZAL Muxtar Respublika reyslərinin başına oyun açır. Təyyarə yoxdur deyilir, amma xaricə uçan reyslərdə heç bir problem yoxdur, rahat yerinə yetirilir bütün reyslər. Naxçıvana qiymətlər ucuzdur deyə incidirlər sərnişinləri. Bu gün Naxçıvana cəmi bir təyyarə reysi olub, qalanlar hamısı gözləmədədir”.
Qeyd edək ki, bir neçə gün əvvəl də sərnişinlər Muxtar Respublikaya reyslərin təxirə salınması və ləğv edilməsi ilə bağlı şikayət ediblər.
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu AFN.az-a açıqlamasında bildirib ki, hər il eyni problem yaşanır: “Bilirsiniz ki, Muxtar Respublika ilə sıx əlaqələrimiz var, ailəmiz orda yaşayır və gediş-gəliş çox olur. Məsələ bundadır ki, əvvəldən yay aylarında, sentyabrın əvvəllərində reyslərə daha çox tələbat olur. Naxçıvana və Naxçıvandan gedən tələbələr, eləcə də yayda məzuniyyət götürüb ailəsi ilə ora gedən Muxtar Respublika sakinləri sıxlıq yaradırlar. Bu, hər il yaşanır. Amma bir neçə aydır ki, yenə də Naxçıvana bilet tapılmır. Tanışlar, qohum-əqrəbalar bilet problemi ilə üzləşir. Artıq ikinci dəfədir ki, bilet tapılmaması ilə bağlı xəbərlərlə, məlumatla rastlaşıram. Bunun bircə səbəbi var: sırf xarici reyslər baha olduğu, daha çox gəlir gətirdiyi üçün təyyarələri verirlər xarici reyslərə.
Əslində reys ləğv edilirsə, təxirə salınırsa sərnişinlərə kompensasiya ödənilməlidir, üzrxahlıq edilməlidir. Bir daha belə hallar yaşanmamalıdır. Təsəvvür edin, sərnişinlər taksiyə pul verir hava limanına gedirlər, orada saatlarla vaxt itirirlər, geri qayıdır, yenidən taksiyə pul verir hava limanına gedirlər. Yəni ikiqat xərcə düşürlər, üstəgəl, vaxt itirirlər. AZAL-dakı məsul şəxslər belə hallara yol verməməlidirlər, insanlar da buna qarşı susmamalıdırlar. Tələb edilməlidir ki, reyslər qaydasında reallaşdırılsın. İmkan verməməliyik ki, Naxçıvana ayrılan təyyarələr başqa reyslərə çıxarılsın, ziyanını da biz çəkək”.
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev də AFN.az-a açıqlamasında Naxçıvan reyslərində problemlərin yarandığını təsdiqləyib: “Hər il eyni vəziyyət təkrarlanır. Ötən il 20 uçuşum olub. 20 uçuşun ən azı 14-də azı 2 saat yubanma olub. Bu il də yenidən həmin vəziyyət yaranıb, gedib-gələn dost-tanışlar şikayət edirlər”.
Qeyd edək ki, məsələ ilə bağlı “Azərbaycan Hava Yolları”na (AZAL) sorğu ünvanlamışıq, verilən cavabı təqdim edəcəyik.