Azərbaycanda yeni xəstəxana açıldı: “Etalon Hospital"da yeni müalicə üsulları tətbiq ediləcək


Mayın 10-da Bakıda “Etalon” Hospitalın açılışı mərasimi keçirilib.


Xəstəxananın rəhbərliyinin və həkim heyətinin, eyni zamanda ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbir həmin gün anadan olmasının 102-ci ildönümü qeyd edilən Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra mərasimi giriş sözü ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev açaraq bildirib ki, ölkəmizdə yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunan, müasir müalicə metodlarını tətbiq edən və uzman həkimlərin çalışdığı daha bir xəstəxananın fəaliyyətə başlaması sevindiricidir: “Bu xəstəxananı digərlərindən fərqləndirən ən vacib cəhət burada innovativ metodlardan istifadə etməklə, sinir problemləri səbəbindən fiziki məhdudiyyətli insanların da müalicəsinin həyata keçiriləcəyidir. “Etalon” Hospitalda missiyamız aydındır: biz innovasiyalara daim can atırıq ki, fiziki məhdudiyyətlərlə üzləşən insanların həyatını dəyişək, yeni həll yolları axtarıb tapaq. Biz elə bir dünya təsəvvür edirik ki, burada maneələr dağılır və insanlar bədbəxtliyə qalib gəlir. İnanıram ki, birlikdə biz sərhədləri genişləndirəcəyik, yeni standartlar müəyyən edəcəyik və elə bir gələcək yaradacağıq ki, hər kəs məhdudiyyətsiz öz arzularının arxasınca gedə biləcək”.
Ruslan Quliyev qeyd edib ki, əsas məqsəd Azərbaycanı bir sağlamlıq turizmi destinasiyası kimi Cənubi Qafqazın ən böyük mərkəzlərindən birinə çevirməkdir.
“Etalon” Hospitalın direktoru Nizami Mehdizadə deyib ki, Azərbaycan tibb elmi üçün yeni bir innovativ layihəyə start verilir. Onun sözlərinə görə, bu xəstəxanada tətbiq edilən müalicə metodu yüzlərlə, minlərlə fiziki məhdudiyyətli xəstəyə ümid yeri olacaq: “Xəstəxanamızın tibb personalı bunun üçün əlindən gələni edəcək. Azərbaycan səhiyyəsi sürətlə inkişaf edir. Burada ölkə rəhbərliyinin sahibkarlığın inkişafına qayğısı və diqqəti də böyük rol oynayır”.
Akademik Fikrət Əliyev qeyd edib ki, yaxın vaxtlara qədər tibb mütəxəssisləri hesab edirdi ki, zədələnmiş sinir hüceyrələrinin bərpası mümkün deyil. Lakin yapon alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum oldu ki, süni intellektin köməyi ilə sinir hüceyrələrini bərpa etmək mümkündür: “Mən bu alimlərin əsərlərini oxumuşam, onlar bu sahədə çox böyük uğurlar əldə ediblər. Bu uğurlar həm praktiki, həm də nəzəri cəhətdən qazanılıb. Hesab edirəm ki, “Etalon” Hospitalın rəhbərliyinin bu texnologiyanı Azərbaycana gətirməsi böyük hadisədir. Çünki bu müalicə üsulu artıq dünyada geniş əks-səda doğurub”.
Xəstəxananın həkimləri Fərasət İbadov, Əli Musayev, Nurlan Əmənullayev öz çıxışlarında bildiriblər ki, yapon alimlərinin elmi araşdırmalarına əsaslanaraq süni intellekt texnologiyalarının tətbiqi ilə sinir hüceyrələrinin regenerasiyası artıq mümkün sayılır. Müasir tibbin son nailiyyətlərinə əsaslanan süni intellekt vasitəsilə neyroregenerasiya metodu tətbiq edən xəstəxana sinir sistemi zədələnmələri nəticəsində hərəkət məhdudiyyəti yaşayan xəstələrə innovativ müalicə imkanları təqdim edəcək. Bildirilib ki, çox böyük termal potensialı olan Azərbaycanda Naftalan neftindən, vulkan palçıqlarından da istifadə etməklə, yeni müalicə metodu ilə yüzdə əlli faiz effekt əldə etmək mümkündür.
İştirakçıların diqqətinə çatdırılıb ki, xəstəxanada xroniki sinir sistemi xəstəliklərinin müalicəsi, ekzoskelet, süni intellekt, sinir mərkəzlərinin stimulyasiya olunması, kök hüceyrə və ekzosom tətbiqi kimi yeni müalicə metodları həyata keçiriləcək. Burada başqa klassik üsullar da tətbiq etməklə kombinə müalicə nəticəsində 6 ay ərzində hərəkətin bərpası, nitqin yaxşılaşması, sosiallaşmanın artması, yaddaşın yaxşılaşması kimi çoxlu müsbət vərdişlərin bərpasına nail olunacaq.
Daha sonra “Etalon” Hospitalın Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının üzvlüyünə qəbul edildiyi bildirilib və üzvlük sertifikatı xəstəxananın direktoru Nizami Mehdizadəyə təqdim edilib.

Fəxriyyə ABDULLAYEVA






















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu