"General Hospital"da yoxlama aparıldı: Pozuntular aşkarlandı


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən daha bir özəl tibb mərkəzində aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.


Yoxlama Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi 1/9 ünvanında yerləşən "General Hospital" klinikasında aparılıb.

Yoxlama zamanı sözügedən klinikada iki terapevt həkimin sertifikatsız tibbi fəaliyyətlə məşğul olduğu aşkarlanıb. Klinika rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə "General Hospital" rəhbərliyi İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinib və 6.000 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə olunur.

Xatıradaq ki, ötən ilin oktyabr ayında Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən "General Hospital"da yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı həmin klininkanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu