Turizmçilər mübahisəli məsələlərdə əvvəlcə mediasiyaya müraciət etməlidir


Hotellər və Restoranlar Assosiasyası (DAİR) ilə Azərbaycan Mediasiya Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.


Assosiasiyanın mətbuat mərkəzindən AFN.az-a verilən xəbərə görə, memorandumu DAİR İdarə Heyətinin sədri Samir Dübəndi və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar. Tərəflər görüş zamanı birgə əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın hər iki qurumun gələcək fəaliyyətində perspektiv yaradacağına ümid etdiklərini qeyd ediblər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin hüquq sahəsində apardığı islahatlar çərçivəsində 29 mart, 2019-cu il tarixində imzaladığı “Mediasiya haqqında” Qanun mediasiyanın rolunu artırıb. Qanunun 25-ci maddəsində göstərilir ki, “Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər”. Qanunun 27-ci maddəsində isə qeyd edilir ki, əmək münasibətlərindən irəli gələn fərdi və kollektiv əmək mübahisələri mediasiya yolu ilə həll oluna bilərlər.
DAİR ekspertlərinin fikrincə, müasir dövrdə turizm və qonaqpərvərlik sənayesində hər hansı mülki, əmək və kommersiya münasibətlərində yaranan mübahisələrin tərəflər üçün ən faydalı həlli yolu mediativ üsullardan istifadə edilməsidir. Mediasiya dünyada geniş yayılmış hüquq institutudur və mübahisənin məhkəmədən kənar mediativ üsullardan istifadə edərək tərəflərin maraqlarını uzlaşdıraraq həll edilməsinə imkan yaradır. Assosiasiya turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrə və fərdi sahibkarlara əmək, mülki və kommersiya münasibətlərinə aid olan müqavilələrində mübahisələrin həllinə aid maddələrdə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələrini qeyd-şərt kimi göstərmələrini tövsiyə edir. Assosiasiya turizm və qonaqpərvərlik sənayesi oyunçularına hüquqi və digər peşəkar dəstək göstərir.
Xatırladaq ki, DAİR 2009-cu ildən fəaliyyət göstərərək turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin inkişafına xüsusi töhfə verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu