Yunanıstan Ukraynaya qoşun yeridilməsi məsələsini müzakirə etmir - açıqlama

Yunanıstan hökuməti Ukraynaya qoşun yeritmək niyyətində deyil.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə Yunanıstan Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Pavlos Marinakis deyib. O, parlamentin hakim Yeni Demokratiya partiyasından olan deputatı Ancelos Syriqosun bəyanatlarına cavab olaraq bəyanat verib.
Syriqos Yunanıstanın Ukraynaya orada yaşayan və təxminən 100 min nəfər olan yunan milli azlığını qorumaq üçün qoşun göndərə biləcəyi barədə fikir bildirib. Syriqosun bildirdiyinə görə, Türkiyə atəşkəs olacağı təqdirdə Ukraynaya qoşun yeritmək niyyətini ifadə edib və Türkiyənin yunanları qorumaq ehtimalı az olduğundan, Yunanıstan kənarda qala bilməz. Marinakis isə bildirib ki, bu, Yeni Demokratiyanın və ya hökumətin mövqeyi deyil. "Belə bir məsələnin müzakirəsi mövcud deyil", - deyə kabinet nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Yunanıstanın mövqeyi ondan ibarətdir ki, Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlar sülhə nail olmaq üçün mümkün qədər tez Ukraynanın özünün iştirakı ilə aparılmalıdır. "ABŞ və Ukraynanın 30 günlük atəşkəs təklifi müsbət addımdır. Rusiya buna cavab verməlidir", - deyə Marinakis bildirib.