Elm adamları ən qədim dövrə aid quşlardan birini tapıblar

Çin Elmlər Akademiyasının tədqiqat qrupu Çinin cənub-şərqindəki Fujian əyalətində Yura dövrünə aid iki quş fosili aşkar edib. Təxminən 149 milyon il əvvələ aid olan bu fosillər quşların erkən təkamülünə işıq salır və quş müxtəlifliyinin Yura dövrünün sonunda başladığını sübut edən ən güclü tapıntılardandır.
Tədqiqatçılar kəşf edilən iki fosildən birinin adını “Baminornis zhenghensis” qoyublar. Bu fosil qabaqcıl ornitotorasina xüsusiyyətlərinə (müasir quşlara bənzər çiyin və omba sümükləri) və həmçinin ibtidai dinozavr kimi əl quruluşuna malik olması ilə diqqət çəkir. Bu xüsusiyyətlər erkən quş təkamülündə mozaika təkamülünün rolunu vurğulayır.
"Baminornis zhenghensis"in qısa quyruğunun ucunda müasir quşlarda da rast gəlinən pygostyle adlanan mürəkkəb sümük quruluşu var.
Bu quruluş quşlarda qısa quyruğun təkamülünün ən qədim rekordu hesab olunur və təxminən 20 milyon il geriyə təsədüf edir.
Quşlar quruda yaşayan onurğalılar arasında ən çox növə malik qrup kimi tanınır. Makrotəkamül tədqiqatları göstərir ki, quşların ən erkən şaxələnməsi Yura dövründə, təxminən 145 milyon il əvvəl başlayıb.
Ancaq bu dövrə aid quş fosilləri olduqca məhduddur və çox vaxt natamam qeydlərlə doludur. İndiyə qədər qəbul edilmiş yeganə Yura dövrünə aid quş növü Arxeopteriksdi.
Arxeopteriks lələklərlə örtülmüş qanadlara malik olsa da, uzun və sürünənlərə bənzər quyruğu ilə dinozavrları xatırladır.
Son tədqiqatlar göstərib ki, Arxeopteriks birbaşa quşlarla əlaqəli olmaya və dinozavrların alt qrupuna, "Deinonychosauria"ya aid ola bilər. Bu, Yura dövründə mütləq quşlara aid olan başqa fosillərin olub olmadığı sualını gündəmə gətirib.
Tədqiqatçılar tərəfindən aşkar edilən ikinci fosil yalnız furkuladan (köprücük sümüyünün birləşməsindən) ibarətdir. Həndəsi morfometriya və filogenetik analizlər göstərir ki, bu furkula "Ornithuromorpha" qrupuna aid ola bilər.
"Ornithuromorpha" Təbaşir dövrünə aid müxtəlif quşları əhatə edən bir qrupdur. Ancaq fosilin zəif qorunduğuna görə, yeni bir növ olaraq adlandırılmayıb və quşlarla əlaqəsini təsdiqləmək üçün daha çox fosil tapıntılarına ehtiyac var.
Tədqiqatın nəticələri elm aləminə böyük təsir göstərib və quşların təkamül prosesini başa düşmək yolunda mühüm addım hesab olunur.
Araşdırma "Nature" jurnalında dərc olunub.