Böyük Britaniya "TikTok" ilə bağlı araşdırmaya başlayıb

Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) "TikTok"un uşaq məlumatlarından istifadə etdiyinə görə araşdırmaya başladığını açıqlayıb.
Böyük Britaniya İnformasiya Komissarlığı Ofisi (ICO) bildirib ki, platformaya tövsiyə olunan məzmunu müəyyən etmək üçün "TikTok"un ölkədə 13-17 yaşlı uşaqların şəxsi məlumatlarından necə istifadə etdiyini araşdıracaq.
"Bu araşdırma sosial media və video paylaşma platformalarının uşaqların onlayn fəaliyyətlərindən əldə edilən məlumatlardan öz tövsiyə sistemlərində istifadə etmələri ilə bağlı artan narahatlıqlar fonunda baş verir ki, bu da gənclərə uyğun olmayan və ya zərərli məzmunun təqdim edilməsinə səbəb ola bilər", - bəyanatda deyilir.
Bəyanatda fikirləri yer alan ICO komissarı Con Edvards bu cür sosial media şirkətlərinin gətirdiyi texnologiya və yenilikləri alqışladıqlarını ifadə edərək, "Biz də bu şirkətlərin iqtisadiyyatımızda uğur qazanmasını istəyirik, lakin bu, uşaqların məxfiliyi bahasına ola bilməz. Mesajım sadədir. Sosial media və video paylaşma platformaları bu ölkədə fəaliyyət göstərməkdən faydalanmaq istəyirlərsə, məlumatların qorunması qanununa əməl etməlidirlər" deyib.
ICO həmçinin "Reddit" onlayn platforması və foto paylaşma saytı "Imgur"un uşaqların şəxsi məlumatlarından və yaş yoxlama üsullarından necə istifadə etdiyini araşdırmaq qərarına gəlib.