70 yaşlı anam binanın başlarına uçacağından qorxaraq yaşayır - “Vialon” şirkətindən ŞİKAYƏT


Jurnalist Aytən Məmmədova anasının evinin deputata məxsus şirkət tərəfindən uçurulma təhlükəsi ilə üz-üzə olduğunu bildirib.


AFN.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. “Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır” - deyə A.Məmmədova bildirib.

“Vialon” tikinti şirkətindən şikayətçi olan jurnalist bildirir ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə 73 ünvanında yaşayan anası və birinci qrup əlil qardaşının yaşadığı evin divarına bitişik beşmərtəbəli binada söküntü işləri aparılıb. Nəticədə binadan qopan hissələr onların evinin damına tökülüb: “Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar, amma yox. Anamgil yatdığı yerdə gurultu qopub. Yuxarıdan bunlar sökməyə başlayanda damın üstünə tökülüb. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin… O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldurlar, dayandırdılar. Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədirlər. 70 yaşlı adam binanın başlarına uçacağından qorxaraq yaşayır”.

Maraqlıdır ki, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var: “Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Anamın cəmi 50-55 kvadratmetrlik evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib. Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadratmetrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadratmetri 2100 manatdan alıb. Deyilənə görə, anamgilin evlərinin yerində məktəb olacaq”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu