Los-Anceles indi də kimyəvi təhlükə ilə üz-üzədir
Minlərlə hektar ərazinin yanaraq külə döndüyü Los-Ancelesdə yanğınlar səkkizinci gündür davam edərkən, mütəxəssislər yanğınlardan çıxan zəhərli kimyəvi maddələrin içməli suyu çirkləndirə biləcəyi, filtrləmə və qaynatma üsullarının işə yaramayacağı barədə xəbərdarlıq ediblər.
Purdue Universitetindən Endryu Uelton bildirib ki, şəhərlərdə yanğınlar baş verdikdə infrastruktur ciddi zədələnir və içməli su sistemləri zədələnərsə, kül, tüstü, his, digər zibil və qazlar su şəbəkələrinə daxil ola bilər.
Tikinti materiallarında kimyəvi üsulla hazırlanmış sintetiklərin yandıqdan sonra hissəciklər və qazlar buraxdığını söyləyən Uelton bu elementlərin xüsusilə zəhərli ola biləcəyini qeyd edib.
Kaliforniya Universitetindən Qreq Pirs yanğın zamanı su sistemlərində təzyiq azaldıqca toksinlərin suya qarışa biləcəyini və elektrik kəsilməsinin də bu təzyiq itkisinə səbəb ola biləcəyini vurğulayıb.
"Yanğın zamanı bütün su sistemini enerji ilə təmin etmək çox çətindir, hətta qeyri-mümkündür" deyə Pirs vurğulayıb.