KİV: AB şirkətləri Rusiya üzərindən səmanın bağlanması səbəbindən Çinə uduzur


Avropanın aviadaşıyıcıları Rusiya hava məkanının bağlanması səbəbindən Çin aviaşirkətləri ilə rəqabət apara bilmir.


AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşrin məlumatına görə, Aİ-nin aparıcı aviaşirkətləri təyyarələrin Rusiya ətrafında yönləndirilməsi zərurəti ilə əlaqədar Çinə uçuşların sayını azaldır ki, bu da səyahət vaxtını, yanacaq xərclərini və ekipaj üzvlərinə əlavə ödənişləri artırır. Lakin onların çinli rəqibləri belə problemlərlə üzləşmirlər.

Berlin Hava Limanının rəhbəri Aletta von Massenbach bu haqda danışarkən deyib: "Bu, Avropa daşıyıcıları üçün rəqabət baxımından dezavantajdır".

Ən azı beş Avropa aviadaşıyıcısının Asiyaya uçuşları ləğv etməsindən sonra Avropa Komissiyası (AK) oktyabr ayında beynəlxalq marşrutlarda rəqabətlə bağlı araşdırma aparacağına söz vermişdi. Bununla belə, sənaye nümayəndələri Brüsselin məsələ ilə bağlı qəti addım atacağına şübhə ilə yanaşırlar. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Uolş bu məsələyə o qədər də "bel bağlamır". “Bundan heç nə gözləmirəm" - deyə o, "Politico"ya açıqlamasında bildirib.

Alman Aerokosmik Mərkəzinin (DLR) tədqiqatçılarına görə, London, Paris, Amsterdam və Frankfurt daxil olmaqla Avropa hava limanlarından uçuş müddətləri bəzi marşrutlarda 100 dəqiqədən çox artıb və aviabiletlər orta hesabla 43,5 dollar bahalaşıb.

2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra bir çox Qərb ölkələri öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Rusiya isə öz növbəsində cavab tədbirləri görərək, AB və Kanada da daxil olmaqla 36 ölkədən hava yollarının öz ərazisi üzərindən uçuşlarını qadağan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu