Ərdoğan G20-də Ukraynadakı münaqişənin dondurulması planını təklif edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu”nun (G20) sammitində Ukraynada hazırkı cəbhə xəttində münaqişənin dondurulmasını təklif edəcək.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Türkiyə lideri planını bazar ertəsi G20 liderlərinin görüşündə təqdim edəcək. Nəşrin mənbələri əlavə edib ki, Ərdoğan Vladimir Zelenskiyə NATO-ya üzvlük müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək. Bundan əlavə, Türkiyənin ideyası Donbassın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada “beynəlxalq hərbi qüvvələrin” yerləşdirilməsini nəzərdə tutur.
“Bloomberg” yazır ki, Türkiyə rəsmiləri bunu münaqişənin həllinin ən real yolu hesab edirlər, lakin Ukraynanın belə bir təklifi qəbul etməsinin çətin olacağını da etiraf edirlər.
G20 sammiti noyabrın 18-dən 19-dək Braziliyada keçiriləcək. Rusiyanı tədbirdə xarici işlər naziri Sergey Lavrov təmsil edir.