Marsda qismən günəş tutulması müşahidə edilib


NASA-nın "Perseverance" roveri Marsın peyklərindən biri olan "Fobos" günəşin qarşısından keçərkən baş verən qismən Günəş tutulmasını çəkib.


Bu hadisə zamanı "Fobos" günəşin səthinə və Marsın səthinə kölgə salaraq, qırpan göz görünüşünü yaradıb. Bu maraqlı an sentyabrın 30-da çəkilmiş videoda qeydə alınıb.

Marsdan müşahidə edilən tutulma Yerdə müşahidə edilən Günəş tutulmalarına nisbətən kifayət qədər qısadır, cəmi 30 saniyə davam etdi.

"Fobos"un diametri Yerin peykindən 157 dəfə kiçik olduğu üçün belə tutulmalar qısamüddətli olur.

"Perseverance" əvvəlki Mars missiyalarında oxşar tutulma görüntülərini qeydə alan "Curiosity" (2019) və "Opportunity" (2004) roverlərinin izi ilə gedir. Bu cür müşahidələr "Fobos"un orbitindəki dəyişiklikləri başa düşməyə kömək edir.

Fobos Mars ekvatoru ətrafında hər 7,6 saatdan bir dövr edir, lakin onun orbiti hər 100 ildən bir Marsa 1,8 metr yaxınlaşır.

Bu sürətlə davam edərsə, qarşıdakı 50 milyon il ərzində ya Marsın səthinə çırpılacaq, ya da parçalanaraq planetin ətrafında halqa əmələ gətirəcək.

Marsın sirli peykləri "Fobos" və "Deimos"un mənşəyi ilə bağlı suallara Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) 2026-cı ildə buraxmağı planlaşdırdığı MMX missiyası cavab verə bilər.

Bu missiya "Fobos"a enərək nümunələri toplayacaq və Yerə qaytaracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu