Aqşinlə Leylanın bəraəti ləğv edildi
Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edildikdən 11 ay sonra bəraət alan Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın işinə yenidən baxılacaq.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Ali Məhkəmə belə qərar çıxarıb.
Əziz Seyidovun sədrlik etdiyi hakimlər prokurorun və zərərçəkmiş şəxslərin etirazlarını haqlı hesab edib.
Qərarda deyilir ki, Ali Məhkəmə apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. Kollegiya belə hesab edir ki, bəraət qərarı işin faktiki halları ilə uzlaşmır.
Bu əsasla bəraətverici qərar tamamilə ləğv edilib. İş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxslər və vəkilləri qərara etiraz ediblər.
Qeyd edək ki, Aqşin və Leyla Abdullayevlər əvvəl 5 nəfərin 107 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmə ittihamı ilə mühakimə ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin 6 il 6 ay, Leyla 5 il azadlıqdan məhrum edilib.
Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib və 4 uşaq valideyni olan cütlüyə bəraət verilib.