Dinozavrları məhv edən asteroid tək deyilmiş
Alimlər 66 milyon il əvvəl yerə düşən və dinozavrların yox olmasına səbəb olan nəhəng asteroidin tək olmadığını üzə çıxarıblar.
Araşdırmalara görə, eyni dövrdə Qərbi Afrika sahillərinə düşən ikinci, daha kiçik göy cismi böyük bir krater yaradıb.
Alimlərin hesablamalarına görə, bu toqquşma Atlantik okeanında ən azı 800 metr hündürlüyündə sunamiyə səbəb olub.
2022-ci ildə Heriot-Watt Universitetindən Dr. Uisdean Nikolson bu krateri ilk dəfə kəşf edib. Bununla belə, bu formasiyanın həqiqətən asteroidin təsiri nəticəsində baş verib-vermədiyi ilə bağlı qeyri-müəyyənlik var idi.
İndi Dr. Nikolson və komandası əmindirlər ki, Nadir krateri adlanan 9 kilometr enində olan bu çökəklik asteroidin dəniz dibinə dəyməsi nəticəsində əmələ gəlib.
Elm adamları bu hadisənin dəqiq vaxtını müəyyən edə, ya da onun Meksikada 180 kilometr enində olan Çikxulub kraterini meydana gətirən və dinozavrların sonunu gətirən nəhəng asteroiddən əvvəl və ya sonra baş verdiyini deyə bilmirlər.
Lakin onlar düşünürlər ki, Nadir asteroidi də dinozavrların yoxa çıxdığı təbaşir dövrünün sonunda yerə düşüb. Onun atmosferə girərkən böyük bir atəş topu yaratdığı təxmin edilir.
Kraterin fotosu olmasa da Avstraliyadakı Qosses Bluff Kraterinə bənzədiyi bildirilir.
Zərbənin ardınca güclü hava partlayışı və 7 bal gücündə zəlzələni xatırladan seysmik təkanlar ola bilər. Ehtimal olunur ki, böyük miqdarda su dəniz dibindən qalxıb, sonra yenidən yerə düşüb və yerdə unikal izlər buraxıb.
Qısa müddət ərzində bu ölçüdə asteroidlərin yerə çarpması nadir hadisədir. Bununla belə, alimlər iki böyük asteroidin niyə bir-birinə bu qədər yaxın zamanda yerə dəydiyini hələ bilmirlər.
Nadir kraterini əmələ gətirən asteroidin eninin təxminən 450-500 metr olduğu və yerə saatda təxminən 72.000 kilometr sürətlə düşdüyü təxmin edilir. Bəşər tarixində bu qədər böyük hadisə baş verməyib.
Araşdırmanın nəticələri "Nature Communications Earth & Environment" jurnalında dərc olunub.
Mənbə: BBC