ABŞ administrasiyası: Livandakı hadisələrlə heç bir əlaqəmiz yoxdur


Livanda Hizbullah üzvlərinin peycerlərinin partladıldığı hücumlarla bağlı ABŞ rəhbərliyi açıqlama verib.



Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi gündəlik mətbuat brifinqində Livandakı partlayışlarla bağlı son vəziyyəti dəyərləndirib. Kirbi Livanda rabitə vasitələrinin partladıldığı dünən və bu gün də davam edən hücumlarla bağlı ABŞ rəhbərliyinin şərh etməmə yanaşmasını davam etdirib.

"Yalnız bunu deyə bilərəm ki, dünən və ya bugünkü hadisələrlə bu və ya digər şəkildə əlaqəmiz yoxdur. Bundan başqa paylaşacaq başqa bir şey yoxdur", - deyə Kirbi vurğulayıb.

"Bunun arxasında İsrailin dayandığını təsdiqləyə bilərsinizmi?" sualına cavab olaraq Kirbi “Bölüşə biləcəyim başqa heç nə yoxdur” deyib.

Kirbi İsrail müdafiə naziri Yoav Gallantın hadisə ilə bağlı "Bu, yeni bir müharibə dövrüdür" şərhi xatırladılması fonunda da heç bir qiymətləndirmə etməyəcəyini təkrarlayıb.

Bu cür hücumların bölgədəki gərginliyi daha da artırıb artırmayacağı ilə bağlı sualları cavablandıran Kirbi, ümumilikdə bölgədə gərginliyin artmasını istəmədiklərini, lakin bu hadisələrlə bağlı konkret bir nəticə çıxarmayacağını da bildirib.

Kirbi "Biz hələ də Livan sərhədindən ikinci cəbhənin açılmasına mane olmaq üçün sıx diplomatiya ilə məşğuluq. Bu böhran içində olduğumuz nöqtədə prosesin həlli əlavə hərbi əməliyyatlar deyil" ifadələrini işlədib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu