İngiltərədə saxta xəbərlər paylaşdığı iddia edilən şəxs saxlanılıb
İngiltərədə 55 yaşlı qadın sosial şəbəkədə paylaşdığı yalan məlumatlarla ifrat sağçıların küçə etirazlarını alovlandırdığı iddiası ilə saxlanılıb.
İngiltərənin Çeşir Polis İdarəsi iyulun 29-da Sousportda baş verən və 3 uşağın ölümü ilə nəticələnən bıçaqlı hücumun səbəbkarı haqqında sosial mediada dezinformasiya yaydığı iddiası ilə bir qadının saxlanıldığını açıqlayıb.
Polisin verdiyi açıqlamada, Çesterdə yaşayan 55 yaşlı qadını irqi ədavət salmaq və dezinformasiya məqsədi ilə yazılı material dərc etməkdə şübhəli bilərək saxlanıldığı qeyd edilib.
Çeşir polis idarəsinin baş müfəttişi Alison Ross 29 iyuldan bəri ölkədə həddindən artıq sağçı küçə hadisələrinin internetdəki zərərli və yalan məlumatlarla qidalandığını vurğulayıb.
Ross bildirib ki, bu vəziyyət sosial mediada məlumatların düzgünlüyünü yoxlamadan paylaşmağın nə qədər təhlükəli olduğunun bariz nümunəsidir. Müfəttiş qeyd edib ki, baş verənlər internetdə olub-olmamasından asılı olmayaraq, hərəkətlərimizə görə məsuliyyət daşıdığımıza dair xəbərdarlıqdır.
Mənbə: AA