İranda Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
İranın Ali Milli Təhlükəsizlik Şurası HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə əlaqədar təcili iclas keçirir.
Bu barədə "New York Times” qəzeti mənbələrə istinadən yazır.
"İran Ali Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirir. Bu, Ali Rəhbərin iqamətgahında keçirilir", deyə nəşr yazır.
Anonimlik şərti ilə iki İran rəsmisinin sözlərinə görə, görüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələrinin komandanı iştirak edir. Söhbət Əl-Qüds bölməsinin rəhbərindən gedir, materialda aydınlıq gətirilir.
2017-ci ildən bu vəzifədə olan HƏMAS-ın siyasi bürosunun rəhbəri iyulun 31-i səhər saatlarında Tehranda öldürülüb. O, İran paytaxtına ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəlib.
İsrailin hücumu zamanı Haniyənin qaldığı iqamətgah raketlə vurulub.