AHİK növbədənkənar qurultay keçirir: Səttar Möhbalıyev sədrlikdən gedir


İyulun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.


İclası AHİK sədri, VI çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq gündəliyə Konfederasiyanın növbədənkənar qurultayının çağırılması, Məclisin tərkibində qismən dəyişiklik edilməsi və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər haqqında məsələnin daxil edildiyini bildirib.

Gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.

İclasda AHİK-in növbədənkənar qurultayının avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub, Məclisin tərkibində qismən dəyişiklik təsdiqlənib.

Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ərzində gördüyü işlər üzrə arayışın nəzərə alınması barədə qərar qəbul olunub.

Qeyd edək ki, qurumun sonuncu qurultayı bu ilin əvvəlində keçirilib. (Pravda.az)

Yerli mediada yayılan məlumatlara görə, qurultayda Səttar Möhbalıyev istefa verəcək. Artıq S.Möhbalıyevin ərizəsinin alındığı bildirilir. Bəzi məlumatlara görə, S.Möhbalıyevə ya deputat mandatı, ya da AHİK sədrliyini seçmək təklif edilib. Onun birincini seçdiyi deyilir. VI çağırış parlamentdə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsini təmsil edən S.Möhbalıyev bu dəfə də namizədliyini həmin dairədən verəcək.

S.Möhbalıyev 6 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu