Təhsildə horizontal və vertikal əlaqələr... - Şəhla Aslanın müsahibəsinə sözardı


Təhsilin idarə olunması üzrə tədqiqatçı Şəhla Aslanın saytımızda dərc olunan "Türkiyə universitetləri Azərbaycanda tələbələrə verilən vədlərdən xəbərsiz olurlar” sərlövhəli müsahibəsi cəmiyyətdə maraqla qarşılanıb. Publisist Pünhan Şükür müsahibədə də vurğulanan bir sıra məqamlarla bağlı analitik yazı ilə çıxış edib.


Həmin yazını təqdim edirik:

Araşdırmaçı jurnalist, təhsilin idarə olunması üzrə tədqiqatçı Şəhla Aslan bu günlərdə AFN.az saytına verdiyi, “Türkiyə universitetləri Azərbaycanda tələbələrə verilən vədlərdən xəbərsiz olurlar” başlığı ilə təqdim olunan müsahibəsində cəmiyyət həyatının vacib ünsürü olan təhsilin bir sıra yaralı problemlərinə toxunub və təhsilalanlara vasitəçi şirkətlərə aldanmamaları üçün dəyərli məsləhətlər verib.

Fikrimcə, orta məktəbi müvəffəq qiymətlərlə bitirmiş bir gənc, əgər ali təhsilə yiyələnməyə qərar verirsə, seçim edərkən universitetlər barədə doğru-dürüst məlumat almaq üçün hansı mənbənin daha etibarlı olduğunu özü müəyyənləşdirə biləcək qədər dünyagörüşə malik olmalıdır. Təəssüf ki, vətəndaş cəmiyyətində ali təhsilin maliyyələşdirilməsində dövlətə tərəf müqabili kimi çıxış edən institutlar yox səviyyəsindədir. Hökumət özü də yalnız ən istedadlı, imtahanlarda çox yüksək bal toplayan gənclərə dəstək verir. İşəgötürənlərin də bu müstəvidə korporativ sosial məsuliyyət hissi aşağıdır. Tələbə krediti mexanizmi də təkmil deyil. Belə bir qeyri-münbit şəraitdə ali təhsilə yiyələnmək arzusunda olan gənclərin maliyyə baxımından valideynlərdən çox asılı vəziyyətdə olması onları ali məktəb seçimində də ata-ananın bəzən köhnəlmiş, yanlış stereotiplərə əsaslanan mövqeyi ilə hesablaşmaq məcburiyyətində qoyur.

İkincisi, tələbələrin gözündə universitet təhsilinin keyfiyyəti, seçilən ixtisasın özünün perspektivi diplomun verdiyi imtiyazdan daha önəmli olmalıdır. Təəssüf ki, Azərbaycanda ali təhsillilərin öz ixtisasları üzrə məşğulluqlarını təmin etmək sarıdan problemi olsa da, universitet diplomunun verdiyi imtiyazlar qeyri-qanuni, süni şəkildə artırılır. Bu mənfi tendensiya orta ixtisas və peşə təhsilinə marağı azaldır. Müşahidələr göstərir ki, əmək bazarında elan olunan vakansiyalarda açıq-aşkar şəkildə, Nazirlər Kabinetinin “Vahid Tarif-İxtisas Sorğu Kitabı”nda təsbit etdiyi normalara zidd olaraq, idarə, müəssisə və təşkilatlar orta və aşağı manqanı təşkil edən mütəxəssislərdən, az qala fəhlə, xadimə, gözətçi vəzifələrinə namizədlərdən də ali təhsil sənədi tələb edirlər. Kadrlara verilən yaş və cins tələblərində də hüquqpozma halları mövcuddur. Nəzarətedici qurumlar (Dövlət Əmək Müfəttişliyi Xidməti və s.) bu kimi neqativ halların qarşısını almaq üçün yetərincə səy göstərmirlər.

Ölkəmizdə təhsilin idarə edilməsi, eləcə də xaricdə təhsil alanlarla iş aparılması kifayət qədər cəlbedici sahədir və burada ciddi rəqabət mövcuddur. Bu rəqabətdə ədalətin təmin olunması və sahəyə məhz Şəhla Aslan kimi işıqlı, perspektivli kadrların cəlb olunması, onların kreativ ideyalarının dəyərləndirilməsi əhəmiyyətli məsələdir. Ancaq problemin həlli əslində kompleks yanaşma tələb edir. Əmək bazarının araşdırılmasında, müasir çağırışlara cavab verən mütəxəssislərin hazırlanmasında, təhsilin maliyyə baxımından idarə edilməsində vertikal (şaquli, tabeçilik) əlaqələrlə paralel olaraq, hüquqca azad və bərabər hüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətlərini ehtiva edən horizontal (üfüqi) əlaqələrə də üstünlük verilməli, iqtisadi-sosial sifarişlər nəzərə alınmalıdır.

Pünhan ŞÜKÜR, publisist



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu