Ötən il Almaniyada 18 min 497 uşaq cinsi istismarın qurbanı olub
2023-cü ildə Almaniyada 14 yaşından kiçik 18 min 497 uşağın cinsi zorakılığın qurbanı olduğu açıqlanıb.
Federal Kriminal Polis İdarəsinin (BKA) məlumatına görə, keçən il cinsi zorakılığın qurbanı olan 14 yaşından kiçik uşaqların sayı əvvəlki ilə nisbətən 7,7 faiz artıb.
Ötən il 18 min 497 uşaq cinsi zorakılığın qurbanı olub. Bu uşaqların 75,6 faizini qızlar, 24,4 faizini isə oğlanlar təşkil edib.
Hesabatın nəticələrini ictimaiyyətə açıqlayan Almaniyanın daxili işlər naziri Nensi Faeser hər gün 54 uşaq və gəncin cinsi zorakılığa məruz qaldığını və bir çox cinayətkarın tutulmadığını bildirib.
Nazir Faeser bildirib ki, istintaq orqanları davam edən sui-istifadə aktlarını dayandırmaq və cinayətkarları tez və ardıcıl olaraq müəyyən etmək üçün çox çalışır: "Cinayətkarlar özlərini heç bir yerdə təhlükəsiz hiss etməməlidirlər. Uşaqlara qarşı cinsi zorakılıqla mübarizə uzun müddətdir ki, Federal Kriminal Polis İdarəsi üçün yüksək prioritet olub. Cinsi zorakılığın qurbanları tez-tez ciddi travma alırlar və çox vaxt bütün həyatları boyu cinayətin nəticələri ilə mübarizə aparırlar".
Qeyd edək ki, Almaniya Parlamenti may ayında keçirdiyi plenar iclasda uşaqlara qarşı cinsi istismar cinayətlərini ehtiva edən materialların saxlanması və yayılması cinayətinə görə cəzanı azaldıb.