ÜST diabet və arıqlamaq üçün istifadə edilən saxta dərmanlarla bağlı xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib.
ÜST arıqlamaq üçün nəzərdə tutulan bu dərmana tələbatın artdığını və onun saxta məhsullarının da eyni sürətlə artdığını vurğulayıb.
“ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir. Bu, bəzi hesabatların təsdiqindən sonra ÜST tərəfindən verilən ilk rəsmi bildirişdir”, - ÜST-ün dünənki açıqlamasında qeyd edilib.
Semaqlutidlər 2-ci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlardır ki, onlar da iştahı yatırırlar.
ÜST bu səbəblərdən dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirərək, saxta dərmanların insan sağlamlığına zərərini bəyan edib.
ÜST-ün bəyanatında aşağıdakılar vurğulanıb:
Semaqlutidlər hazırkı yüksək qiymətlərinə görə ÜST-nin diabetin idarə olunması üçün tövsiyə etdiyi müalicələrin bir hissəsi deyil.
Şəkərli diabet üçün qan şəkəri və ürək-damar riski üzərində semaqlutidlərə bənzər təsir göstərən daha əlverişli müalicələr də var.
Mənbə: DHA