AFFA rəhbərliyi Santuşun nə qədər maaş alacağını açıqlamadı
“Dünən mətbuata da məlumat verildi. AFFA İcraiyyə Komitəsinin onlayn formatda iclasında yeni baş məşqçi təyin olundu”.
Bunu AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev deyib. O, portuqaliyalı məşqşi Fernandu Santuşun Azərbaycan yığmasına təyinatından danışıb: “O, dünyaca tanınmış məşqçidir. Müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı DÇ-yə çıxarmışdı. Portuqaliya millisi isə Avropa çempionu olmuşdu. Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq”.
S. Hacıyev AFFA rəhbərliyinin portuqaliyalı mütəxəssisə inandığını bildirib: “Bu illər ərzində müəyyən layihə çərçivəsində işlər görəcəyik ki, bu nəticəni əldə edək.
AFFA rəhbərliyi ilə Santuş arasında qarşılıqlı inam var. Danışıqlar prosesinə əsasən onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq”.
O, millidən hansı nəticəni tələb edəcəkləri barədə bunları deyib: “Milli meydana qələbə üçün çıxmalıdır. Rəqibdən asılı olmayaraq, bu, belə olmalıdır. Santuşla danışanda da hiss etdik ki, o, elə adamdır ki, məğlubiyyəti qəbul etmir. Amma oynadığımız qrupların reallığını da qəbul etməliyik. Elə qrup ola bilər ki, biz ancaq birinci yer üçün oynamalıyıq. Elə komandalarla qrupa düşərik ki, reallığı nəzərə almalıyıq və nəticəni uğurlu və ya uğursuz qeydə alarıq”.
AFFA rəsmisi millimizin yeni çalışdırıcısının müqaviləsində yer alan maliyyə və təzminat məsələsi barədə isə danışmaq istəməyib: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini açıqlaya bilmərik. Maliyyə tərəfini açıqlamırıq. O ki qaldı, Polşa millisində və “Beşiktaş”dakı işlərinə...
Həmin komandalardan ayrılmağının da müəyyən səbəbləri var. Ola bilər ki, səbəbləri dəqiq bilmirik. Sırf bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin komandadan ayrılması normaldır. Müqaviləmiz üç illikdir, bir il də artırılma şərtilə. Təzminat, məbləğ məsələsini açıqlaya bilmərik”.
Qafqazinfo