Dövlət Vergi Xidmətinin saytında problem yarandı - AÇIQLAMA


Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.


AFN.az xəbər verir ki, bu barədə saytın istifadəçiləri, mühasiblər bildiriblər. Qeyd edilir ki, sayt aylardır, demək olar, iflic vəziyyətindədir. "Yeni portal yaradıb işimizi asanlaşdırmaq istədilər. Amma elə bərbad duruma salıblar ki, nə köhnə versiyasına, nə də yeni portala daxil olub işləmək mümkün deyil. Nə e-qaimə yükləmək olur, nə əvəzləşmə göndərmək. ƏDV hesabatına 4-5 dəfə dəqiqləşmə göndəririk, əvəzləşməni yükləmək olmur deyə" - deyə mühasiblərdən biri yazıb.
Başqa bir mühasib isə yaranmış problemin onların gecə saatlarina qədər ofisdə qalmasına səbəb olduğunu deyib. Şikayətçilər qarşı tərəfdən bununla bağlı hər hansı açıqlama ala bilmədiklərini vurğulayıblar.
"İki gündür elektron qaimə sistemi (vergi) çöküb. Bu, yüz minlərlə iş adamı, şirkət üçün ciddi problem deməkdir" - deyə başqa bir mühasibatlıq əməkdaşı qeyd edib. Bildirək ki, bütün bu şikayətlər sosial şəbələlərdə əksini tapıb.
Məsələ ilə əlaqədar Dövlət Vergi Xidmətindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, problem həqiqətən var: "Dövlət Vergi Xidmətinin portalında aparılan optimallaşdırma işləri ilə əlaqədar bəzi hallarda qısa müddətli texniki çətinliklər yarana bilər. Hazırda texniki məsələlər həll edilir və qısa müddətdə sistem vergi ödəyiciləri üçün daha rahat bir şəkildə çalışacaqdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu