İsrailin Rəfaha hücumuna qarşı reaksiyalar sərtləşir


Beynəlxalq Ədalət Məhkəməsinin Rəfaha hücumları dayandırmaqla bağlı qərarına baxmayaraq, İsrailin çadır şəhərciyinə hücumuna reaksiyalar getdikcə artır.


Venesuela və Kolumbiya liderləri hücumu “qırğın” kimi qiymətləndiriblər. İsrailin Rəfahda didərgin düşmüş fələstinlilərin sığındığı çadır şəhərciyinə hücumuna bir çox ölkə, beynəlxalq qurum və təşkilatlar sərt reaksiya verib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rəfahdakı hücumun "çox narahatedici" olduğunu və təhqiqatın tez bir zamanda tamamlanmalı olduğunu bildirib.

Fransa prezidenti Makron bir daha İsraili Rəfaha hücumlarını dayandırmağa çağırıb.

Venesuela prezidenti Nikolas Maduro İsrailin dünyanın gözü qarşısında Qəzzada “qırğın” törətdiyini bildirib. O, ABŞ və Avropa İttifaqını susmaqda ittiham edib. Maduro Hitler dövründən bəri bəşəriyyətin şahidi olduğu ən dəhşətli soyqırımlardan birinin baş verdiyini vurğulayıb.

Kolumbiya prezidenti Qustavo Petro fələstinlilərə qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmi olaraq kəsdiklərini açıqlayıb. O, qırğına səssiz qalan ölkələri tənqid edib.

Pakistan, Meksika və Maldiv adaları da hücumu pisləyib. Beynəlxalq hüququ pozan İsraildən Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etməsi istənilib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından da İsrailin mülki şəxslərə qarşı hücumlarını dayandırmaq üçün lazımi addımları atması istənilib.

Afrika Birliyi də hücumu pisləyib və dərhal atəşkəsə çağırıb. Birliyin bəyanatında İsrailin hərəkətlərinin cəzasız qaldığı vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu