MM komitə üzvlərinin TikTok-un nümayəndə heyəti ilə qapalı görüşü
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin TikTok platformasının nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşün keçirilməsi ilə bağlı məlumat görüş başa çatdıqdan sonra ictimaiyyətə açıqlanıb. Bu da o deməkdir ki, görüş tam qapalı keçirilib. O da maraqlıdır ki, görüş haqqında bəzi deputatlar və Milli Məclis açıqlama versə də, bu açıqlamalarda detallara toxunulmur. Görüşdə hansı məsələlər müzakirə edilib, bu görüşü zəruri edən nə idi, nə kimi qərarlar qəbul edilib, hansı razılaşmalar əldə edilib? Bu və bu kimi suallar açıq qalır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu məsələyə toxunub. O, bildirib ki, Milli Məclisin ali hakimiyyətdəki rolu ilə görüş haqda açıqlamadakı məzmun arasındakı fərq diqqət cəlb edir: "Mənə də çox maraqlı gəldi, bu tip görüşlər faydalı olsa da, görəsən İnternet ictimaiyyətinin, vətəndaş cəmiyyətinin və medianın iştirakı olmadan belə bir görüşün keçirilməsi zərurəti nədən irəli gəlib? Cəmiyyətdə tam sakitçilikdir, heç kim bu tip məlumatları sorğulamır. Bəlkə hansısa qanunlara dəyişiklik hazırlanır? Açıqlanan məlumatdan belə anlaşılır ki, TikTok və Milli Məclis qarşılıqlı-faydalı əməkdaşlıq edəcəklər. Xeyirli olsun."
TikTok hələlik Azərbaycanda yeganə qlobal sosial media resursudur ki, VÖEN alıb və hakimiyyətin ali mərtəbələrinə qədər gedib çıxa bilib.