"ASAN xidmət" modelinin ixracı ilə bağlı 22-ci memorandum imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Agentlikdən AFN.az-a verilən məlumata görə, məqsəd Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin çatdırılması, sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr ilə yerində tanış olmaq, eləcə də “ASAN xidmət” konsepsiyasının Efiopiyada tətbiqi istiqamətində əməkdaşlıq sənədinin imzalanmasıdır.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Ülvi Mehdiyev 2023-cü ilin avqust ayında Efiopiyaya səfərini məmnunluqla xatırladıb, dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını bildirib.
Temesgen Tiruneh əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” konsepsiyası ilə tanışlığının onda xoş təəssürat yaratdığını bildirib, eyni zamanda Dövlət Agentliyinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandum ölkəmizin “ASAN xidmət” konsepsiya əsasında Efiopiyada dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılması, müvafiq istiqamətdə təlim və təcrübə proqramlarının həyata keçirilməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur.
Nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, “Bilim Bakı” və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə də tanış olub.
Ümumilikdə səfər çərçivəsində qonaqların azərbaycanlı dövlət rəsmiləri ilə bir sıra işgüzar görüşlərinin, tanışlıq səfərlərinin və digər tədbirlərin təşkili planlaşdırılır.