Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər həyatını itirib
Əfqanıstanın qərbindəki Herat əyalətində məscidə hücum nəticəsində 6 nəfər həyatını itirib.
Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Kani Metin sosial media platformasında verdiyi açıqlamada, ötən gecə yerli vaxtla saat 21:00 radələrində Herat vilayətinin Güzera rayonunda məscidə hücum edən şəxsin Kalaşnikov avtomatından atəş açması nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.
Metin hadisə ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini qeyd edib.
Digər tərəfdən TOLO News kanalı şiə məscidinə edilən hücumda aralarında məscid imamı da daxil olmaqla 7 nəfərin öldüyünü açıqlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Əfqanıstanda İŞID terror təşkilatı xüsusilə şiələrə qarşı zaman-zaman hücumlar təşkil edir.